Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri ilə görüşüb

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun dəvəti ilə Gürcüstanın daxili işlər naziri Gela Geladze ölkəmizə rəsmi səfərə gəlib.

DİN-in Mətbuat xidmətindən verilən məlumta görə, Gela Geladze və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsini ehtiramla anıblar.

Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov Gürcüstanın daxili işlər naziri Gela Geladzenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan V.Eyvazov daxili işlər naziri vəzifəsinə təyin olunması münasibətilə Gela Geladzeni təbrik edərək bu səfərin əməkdaşlığın daha da möhkəmləndirilməsinə xidmət edəcəyinə əminliyini ifadə edib. O, xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, dövlətlərimiz arasındakı əlaqələrin hər zaman strateji tərəfdaşlıq xarakteri daşıdığını xatırladaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstan rəhbərliyinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsinə xüsusi önəm verdiklərini qeyd edib. Cənab Vilayət Eyvazov bu münasibətlərin ölkə başçılarının siyasi iradəsinə uyğun uğurla inkişaf etdiyini, dövlət və hökumət rəhbərlərinin qarşılıqlı səfərləri nəticəsində daha da dərinləşdiyini bildirib.

Daxili İşlər nazirlikləri arasında əməkdaşlığın, xüsusilə də transmilli cinayətkarlığın bütün növləri ilə, o cümlədən kibercinayətkarlıqla mübarizə sahəsində birgə əlaqələrin, təcrübə və informasiya mübadiləsinin və yaradılmış normativ-hüquqi bazanın ilk növbədə dost və qardaş xalqlarımızın mənafelərinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət etdiyi nəzərə çatdırılıb.

Problemlərə toxunularkən narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya, kibercinayətkarlıqla mübarizənin daim diqqət mərkəzində dayandığı, onlara qarşı səmərəli mübarizənin yalnız birgə səylərlə mümkünlüyü qeyd olunub.

Səmimilik və işgüzarlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.
Gela Geladze qəbula, ətraflı məlumata və göstərilən qonaqpərvərliyə görə təşəkkür edib, mehriban qonşu və yaxın dost olan Azərbaycanın daxili işlər orqanları ilə ölkəsinin müvafiq qurumları arasında əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsində maraqlı olduqlarını, bunun üçün gələcəkdə də səylərini əsirgəməyəcəyini bildirib.

Görüşdə Gürcüstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edib.

AzNews.az