- Paytaxt
- 16:47
- 790
XİN başçısı: Qərb ölkələri separatçıya onillik vizanı necə verib?
Qərb ölkələri separatçıya onillik vizanı necə verib?
Aznews.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair hesabatın təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Azərbaycandakı separatizmə həmişə tamamilə fərqli yanaşmalar sərgilənib:
"Bu gün Bakıda hakim qarşısına çıxarılmış David Babayana Qərbin siyasi paytaxtları onillik viza vermişdi. Halbuki Qərb ölkələrinə viza alınması prosesinin necə olduğunu hamımız bilirik. Heç kəs tərəfindən tanınmayan bir təsisatın adamına belə bir vizanın verilməsi nə deməkdir? İkili standart yürüdən mərkəzlər nə qədər yanlış addım atdığının fərqindədirlər. Biz hər zaman açıq dialoqa hazırıq və buna da çalışırıq. Bu kontekstdə bizə heç bir təzyiqlə təsir göstərə bilməzlər".
Nazir həmçinin bildirib ki, bir çox ölkələrə dərs demək cəhdi göstərən bəzi təşkilatlar və siyasi paytaxtlar özlərinə nəzər salmalıdırlar:
"Onlar özlərində hansı proseslər getdiyinə baxmalıdırlar. Dünyanın əsas siyasi mərkəzi olan ABŞ həmin Avropa ölkələrini ciddi şəkildə insan hüquqları mövzusunda tənqid edib. Azərbaycan olaraq heç bir ölkənin daxili işinə qarışmırıq. Biz bütün məsələləri müzakirə etməyə hazırıq. Antisemitizm, islamofobiya kimi mövzularda bir çox ölkələrə nümunə ola bilərik. Hər halda çox ciddi problemləri olan ölkələr digərlərinin işlərinə qarışmaqdan çəkinməlidirlər".
Aznews.az