- Paytaxt
- 17:36
- 1 403
Nazir: Azərbaycan neftinin Ermənistana ixracı ilə bağlı Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi
Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı ilə bağlı rəsmi Tbilisinin təklif etdiyi ilkin tarif məqsədəuyğun deyildi.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov 2025-ci ilin yekunlarına dair hesabat zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.
"Gürcüstan tərəfindən təklif olunan tarif çox yüksək idi. Bu isə Azərbaycan tərəfdə suallar yaratdı, çünki təklif mövcud praktikaya uyğun deyildi. Ancaq Gürcüstan rəhbərliyi məsələdən xəbər tutan kimi müdaxilə etdi və vəziyyət dəyişdi, tariflərlə bağlı məsələ öz həllini tapdı, bazar şərtlərinə uyğun tariflər şirkətlər arasında razılaşdırılır", - o qeyd edib.
Qeyd edək ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin yaydığı bəyanata əsasən, Gürcüstan hökuməti bu il dekabrın 5-də tərəfdaş ölkə kimi Azərbaycandan yanacağın tranziti ilə bağlı rəsmi müraciət alıb. Baş nazir İrakli Kobaxidzenin qərarı ilə "Gürcüstan Dəmir Yolları"na sözügedən yükün tarif tətbiq edilmədən daşınması barədə tapşırıq verilib.
Bununla da Gürcüstan Azərbaycan neft məhsullarının Ermənistana ilk tranzitinə rüsum tətbiq etməyib.
Xatırladaq ki, Bakıdan yola salınan 1 300 ton "Aİ-95" markalı Azərbaycan benzinini daşıyan yük qatarı dekabrın 19-da Ermənistana çatıb.