Vasif Ismayıl Vasif Ismayıl

Ar olsun sizə!

Vasif Ismayıl

Mətbuatımızda həkimlər haqqında…

Doğrusu, təkcə xəbər saytlarının deyil, insanlarımızın həkimlərə qarşı münasibəti məni əməllicı iyrəndirib. Çünki haqsızdırlar. Çünki ədalət yoxdur.
Azərbaycan sistemində böhran olduğunu söyləyirlər. Ağıllı adamlar isə bununla razılaşsa da, məsələnin daha dərin olduğunu — böhranın bütün cəmiyyətimizdə olduğunu bilirlər. Bu ikisinin arasında böyük fərq vardır. Sistemi dəyişməklə həmən və ciddi nəticələr əldə etmək olar. Cəmiyyəti dəyişmək isə qat-qat daha çox əmək sərf etməyinizi tələb edir. Yaxşı, bəziləri bu zəhməti çəkməyə hazırdır. Amma cəmiyyətin bir çox hissəsi özünü zəhmət çəkmək ehtiyacında hiss etmir axı: onlarla nə edəcəyik?
Bu günlərdə xəbər saytlarımızın hamısında bir məlumat getdi: Həkim-deputat Rəşad Mahmudova qarşı sensasion -İttihamlar…. Falan, filan, peşməkan….
Məsələnin məğzi:

Bir vətəndaş öz körpəsini anadangəlmə ürək qüsuru səbəbilə ürək-damar cərrahı Dr. Rəşad Mahmudovun yanına aparıb. Həkim müayinə etdikdən sonra məsələnin kifayət qədər çətin olduğunu bildirib və təcili əməliyyat məsləhət görübdür. Maddi imkanları zəif olan ailə isə Heydər Əliyev fonduna müraciət etmiş, oradan da əməliyyat xərci olaraq 9 000 manat məbləği ödəməyə razılıq veriblər. Amma həkimin daha sonra əməliyyatı həyata keçirməkdən nədənsə boyun qaçırdığı iddia olunur.



Məsələ haqqında ziyalı şərhi. Bundan 100 il əvvəl korifeylərimiz xəstələrimiz Hamparsumla Hakopa möhtac olmasın deyirdilər.


Saytlarda gedən xəbərlərdə həkimi xüsusilə qaniçən göstərmək üçün "Aparın uşağı evə, "krizə girsə həkim çağırmayın, qoyun can verib ölsün!"" şəklində dediyi iddia edilir. Bir para tanınmış insan, hətta jurnalist bir ağızdan "Ağ xalatlı cəlladlardı bunlar…." deyərək yaraya əməlli duz səpdilər.

Bu tip xəbərlərə Azərbaycan xəbər məkanında tez-tez rast gəlinir. Filan həkim falanca xəstəni pul üçün, ağılsızlıqdan, qeyri-professionallıqdan incitdi. Oturub hamı ağlaşır, bir partiya söyür və məsələ bununla da qurtarır. Sanki həkimlərimiz həqiqətən də bacarıqsız və qaniçəndirlər.


Giriş

Mən də özümə görə bir insanam. Hər belə xəbərlə tanış olduğumda birinci növbədə özüm üçün hadisəyə münasibət formalaşdırıram. Özüm üçün… Yenə təkrar edirəm, ancaq özüm üçün. Bunu çox adamla paylaşmır, elə içimdə yaşadaraq həyata davam edirəm. İndi isə, əvvəllər özümə saxladığım fikirlərin bir qismini sizinlə paylaşacağam.
Başlanğıc üçün onu deyim ki, xəbərdar olduğum hadisələr haqqında yazılanların 9/10-u nəinki səhvdir, heç işin məğzinə belə yaxınlaşmır: sanki baş verən hadisə ilə danışılanlar tamamilə fərqli şeylərdir.


Ağır xəstə nədir?

Təbabətdə risk anlayışı elə digər ixtisaslarda olduğu kimidir, azı-çoxu vardır. Daha dəqiq ifadə ilə 4 risk dərəcəsi mövcuddur:
1. Risk yoxdur. Bəli, riskli durumun aşkar edilməməsi özü başlı-başına bir kateqoriyadır. İnanmayacaqsınız, amma bu kateqoriyada belə xəstənin ölüm daxil ciddi fəsada məruz qalması ehtimalı milyonda birdir (1/ 1 000 000).
2. Risk azdır. Bu kateqoriyada müdaxilə və ya müalicə sırasında xəstənin ölümü daxil ciddi fəsad ilə qarşılaşma ehtimalı 1–3/100 - dür.
3. Risk ortadır. Bu kateqoriyada müdaxilə və ya müalicə sırasında xəstənin ölümü daxil ciddi fəsad ilə qarşılaşma ehtimalı artıq 10/100 — dür.
4. Risk yüksəkdir. Bu kateqoriyada müdaxilə və ya müalicə sırasında xəstənin ölümü daxil ciddi fəsad ilə qarşılaşma ehtimalı isə 30/100 — dür.


Risk dərəcəsi xəstəliyin diaqnozu qoyulub müalicə strategiyası müəyyənləşdirildiyi vaxt hesablanır. Çox vaxt bunun üçün əlavə müayinələr edilir ki, insanlarımız buna "eeeeeeeh, doktor, bizi fırladırsan eee. Biz, kasıb adamlarıq" şəklində reaksiya verirlər. Bəzən isə heç bir əlavə müayinəyə ehtiyac qalmadan müalicə və ya əməliyyatın nə qədər riskli olduğunu hesablaya bilərsiniz.
Elə başdan deyim: Mən, yüksək riskli xəstəni əməliyyat etmirəm. Qətiyyən. Xəstə yalvarsa belə.

Bunun düz 12 il əvvələ uzanan kiçik bir hekayəsi vardır.
Üzü təmiz qırxılmış 62 yaşında tovuzlu kişi idi. Sidiyə gedə bilmədiyi üçün kateter qoyulmuşdu. Aparılan müayinələr sırasında buna səbəb kimi prostat böyüməsi aşkar edilmiş və yeganə çıxış yolu kimi xəstəyə prostat vəzinin çıxarılması məsləhət görülmüşdü. Amma eyni müayinələr ürək tac damarlarında ciddi darlıq da aşkar etmişdi. Bu faktın ortadan qaldırılması isə fiziki olaraq mümkün deyildi. Keçirilmiş ürək tac damarı infakrtı ürək əzələsinin böyük hissəsinin çapıqlaşması ilə nəticələnmişdi. Bir sözlə, qarşımızda gözəl geyinmiş, özünə gözəl qulluq etmiş "ölümcül vəziyyətdə" insan var idi.

-Müəllim, sizə əməliyyat edə bilməyəcəyik. Üçdə bir ölüm riskiniz var, dedim.
İpək ev xalatını düzəltdi və "doktor, belə yaşamaqdansa, elə ölmək yaxşıdır" deyə cavab verdi. Məlumatlandırıldığına dair kağızı imzaladı və ertəsi gün onu əməliyyat stoluna aldıq. Bir saat ərzində işimizi qurtarıb əlcəklərimi çıxardım. Artıq qapıya doğru istiqamət almışdım ki, anestezioloqun qısa və kəskin əmrini eşitdim:
-Hər kəs əlini xəstədən çəksin
Anlayan insan üçün bu qısa cümlədə böyük bir dramatizm vardır. Ürəyi dayanmış insanların bədəninə yüksək şiddətdə elektrik cərəyanı - şok verilir. Bu sırada xəstəyə çılpaq əllə toxunan digər insan elektrik vurmasından elə yerindəcə keçinə bilər. Qəflətən ürəyi dayanan xəstəmizi heç bir cəhdə baxmayaraq qurtara bilmədik. Hamı sakitləşdi. Xəstə yaxınları da məni sakitləşdirib cənazələrini alıb getdilər - qaş qaralmadan Tovuza çatmaq üçün.

Mən isə donub qalmışdım. Xəstə ölüm riskini həqiqətən də ciddi düşünmüşdü mü? Bəlkə mən ona bunun zarafat olmadığını, çox ciddi fəsadla qarşı-qarşıya olduğunu dəfələrlə başa salsaydım, yenə də bu riskə razılaşardı mı? Bu suallara heç vaxt cavab tapmadım. Özümə bir qərar verdim: yüksək riskli xəstə qəbul etsə belə, əməliyyat etməyəcəyəm.

Bundan artıq on il sonra Tibb Universitetində 56 yaşında sumqayıtlı bir xəstə gördüm. Onun da tovuzlu dayımızla eyni dərdi var idi. İki dəfə miyokard infarktı keçirmişdi və sidiyə gedə bilmədiyi üçün kateter qoyulmuşdu.

İmtina etdim, amma xəstə razılaşmadı. Bir çətənə tanışıma zəng elətdirdi. Üç dəfə məktub yazdı. Bu həvəslə bir həftə sonra inadımı sındıra bildi. Artıq əməliyyat vaxtı 2 dəfə ciddi fibrilliyasiya ilə müşaiyyət olunan miyokard infarktı keçirdi. Axırda ürəyi dayandı….. Amma əməliyyatı da qurtardıq, xəstəni sağ-salamat - canlı saxlaya bildik. Adını "Qəhrəman" qoydum ondan sonra. Yatağında oyandığında "Doktor, nətər oldu" deyə soruşmuşdu.
-İnfarkt iki dəfə gəldi, amma vurmağa sağlam ürək toxuması tapa bilmədiyi üçün çıxıb getdi, dedim.
Gülüşdük.

Təbabətdə xəstə haqqları haqqında çox deyilir. Həqiqətən də, xəstə xidmət alan olduğu üçün haqqları daha çoxdur. Amma, nə qədər qəribə gəlsə də, həkimlərin də haqqları vardır. Onlar, inanmadığı işi görməkdən imtina edə bilərlər. Əvvəlcə razılaşmışdı axı deyirsiniz, başa düşürəm. Lakin həkimin daha sonra da fikir dəyişmək haqqı vardır. İşimiz çətindir - ölüm-dirim qərarı veririk. Hansınız içimizdən nələr keçdiyini bilir ki.


Mətbuatımız necə yazır?



Araşdırmacı jurnalist deyə bir termin vardır, yəqin ki, eşitmisiniz. Əşşi, bunu boş verin eee - bu dünyada vicdan və insaf deyə şeylər vardır: bunları ki bilirsiniz. Həkimindən narazı xəstə və ya xəstə yaxınının dedikləri "mübahisəli məsələ haqqında maraqlı tərəfin iddiaları-"dır. Bu işin hüquqi adı bu qədər sadədir. Əgər qonşunuz Zeynal sizin oğlunuzu günahlandırırsa, dönüb bir oğlunuza "a bala, neyləmisən" deyə soruşarsınızmı? Soruşarsınız.

Hadisələri ancaq xəbər şəklində vermək üçün qarşı tərəfin də görüşlərinə imkan tanımaq, eləcə də heç bir tərəfə simpatiya bildirməmək tələb olunur. Məsələyə qiymət verə bilmək üçün başqa yol izləməlisiniz. Bir daha sadə xəbər yazmağın şərtləri haqqında:

-Hadisəni bütün tərəflərə soruşub olduğu kimi yazırsınız
-Məsələyə heç bir münasibət bildirmirsiniz


Bu, hələ sadəcə xəbər yazmaq üçün şərtlərdir. Yaxşı, siz hadisəni qiymətləndirmək istəyirsinizsə, "həkim səhv edib" demək istəyirsinizsə, nə etməlisiniz? Araşdırmalısınız….

-Hadisəni hisslərdən uzaq, soyuqqanlılıqla təsvir etməlisiniz. Məqalənizə marağı azaltsa da maddə-maddə, mətni uzadaraq hadisənin xronologiyasını verməlisiniz

-Şahidlərin fikirlərinə yer verməlisiniz

-Ekspert şərhləri almalısınız

-Hadisənin motivlərini göstərməlisiniz


Hər şeyi, hər sözü, hər iddianı əsaslandırmalısınız, əsaslandırmalısınız və bir daha əsaslandırmalısınız.

Çətindir, deyilmi? Bunu yazmağa vaxt, vəsait lazımdır, hələ, üstəlik, bunu oxuyan da olmayacaqdır axı: Azərbaycan oxucusu belə uzun mətnlərə soyuq münasibət bəsləyir. Çoxu elə başlığınıca oxuyub başqa xəbər dalınca qaçır.
Amma, həkimə "səhv edib" sözünü deyə bilmək üçün bunları etməyə MƏCBURSUNUZ.
Bunları etmədən, xəstə yaxınının məktubunu olduğu kimi vermək qeyri-professionallıq, vicdansızlıq və cinayətdir.
Siz özünüz işinizə belə səthi yanaşırsınızsa, həkimlərdən yüksək professionallıq tələb etməyə nə haqqınız var?

Azərbaycanda səhiyyə niyə bu gündədir?
Bu sualın cavabı vardır!
Mən, bu cavabı bilirəm.
Amma sizə deyə bilməyəcəyəm. Cəmiyyətimizdə ədalət naminə deyil, maraqlarım naminə prinsipi aktual olduğu üçün belə edirəm. Loru dilində desək, bunları səsləndirdiyim üçün zərər görə bilərəm.

Əvəzində isə sizə Dr. Rəşad Mahmudov haqqında danışacağam.
Rəşad həkim haqqında çox eşitmişdim. Təhsil aldığı İzmir şəhərindən kim gəlirdisə, bir ağızdan onun haqqında danışırdılar. Doğrusu, ən az 5 il onunla nə vaxt tanış olacağam deyə öz-özümə planlar qururdum. Rəşad İzmirdəki kardiocərrahiyyə təhsilini başa vurduqdan sonra bundan 11 il əvəl Bakıya qayıtdı. Mənimlə eyni xəstəxanada işə düzəldi. Gözləri parıladayan, aydın üzlü bir oğlan idi. Həmişə planlarından, edəcəklərindən danışır, ancaq gələcəyə baxırdı. İnanırdı….. Saf insan təsiri bağışlayırdı. Ümumiyyətlə, Türkiyədə insan uşaq kimi, bir az "saftirik" yetişir. Mən də elə idim. Türkiyədə iş görərkən ancaq işini düşünürsən, başına bir şey gəlsə "harada yanlış etdim" deyirsən. Çünki cəmiyyət (sistem deyil, məhz cəmiyyət) ədalətlidir axı. Sənə kim "torba tikə bilər"? Bir şey oldusa, günahkar ancaq özünsən.
Rəşad həkim təqribən 2 ay sonra İzmirə qaçdı. Baxın, getdi demirəm, qaçdı deyirəm. Ona elə bir "torba" tikmişdilər ki, canını zor qurtardı deyərdim. Olan şeydir deyib keçməyin. Ona edilən hərəkətləri görsəm də susdum. Belə davranışımın iki səbəbi var idi:
1. Mən, Bakıya ondan daha tez qayıtmışdım. Azərbaycanda işlədiyim bir il ərzində artıq burada "doğru danışanı döyə-döyə namərd edərlər" prinsipini mənimsəmişdim.
2. Ona torba tikən elə mənim öz dostum idi.


İndi mən, ədalət deyə qışqıra bilərəm mi? Məncə xeyr - haqqım çatmır. Bir dəfə susan artıq susqunluğa məcburdur . Daha sonra Neftçilər xətəxanasının baş həkimi İzmirdə onunla görüşərək hər cür şəraiti yaradacağına söz verdi və Rəşad qayıtdı. Gözəl klinika qurdu, neçə-neçə yeni cərrah, professional tibb bacısı yetişdirdi. Minlərlə xəstəyə şəfa verdi.

Axırda nə oldu? Heç…. Axırda ona qarşı yenə ədalətsiz davrandılar. Onun fikrini soruşmadan günahlandırdılar. Kim bilir, bəlkə torba tikdilər?
Amma artıq onun vecinə deyil. Onun mövqeyini öyrənmək istəsələr də, yəqin ki, susacaqdı.

Dr. Vasif İsmayıl