Füzulidə təməlqoyma mərasimi keçirildi - Fotolar

Füzulidə sahibkarların, məcburi köçkünlərin yetişdirdikləri kənd təsərrüfatı məhsullarının birinci əldən satışını təşkil etmək üçün kənd təsərrüfatı məhsullarının satışı mərkəzlərinin yaradılması təklif olunub.


AzNews.az xəbər verir ki, rayon İcra Hakimiyyəti prezident İlham Əliyevin verdiyi tapşırıqların icrasını təmin etmək, həmçinin əhalinin tələbini nəzərə alaraq məcburi köçkünlərin sıx məskunlaşdıqları Beş Zobucuq qəsəbəsi ərazisində kənd təsərrüfatı məhsullarının satış bazarının təməlqoyma mərasimini keçirib.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun aidiyyəti idarə,müəssisə, təşkilatları, sahibkarlar, fermerlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Alı Alıyev təməli qoyulan bazarın qısa müddət ərzində tikilib istifadəyə veriləcəyini Zobucuq qəsəbələrində və ətraf kəndlərdə yaşayan məcburi köçkünlərin yetişdirdikləri məhsullarını burda birinci əldən sata biləcəklərini vurğulayıb. O, bu cür bazarların yaxın günlərdə Qayıdış qəsəbələrində və Horadiz şəhərində də təməlinin qoyulacağını qeyd edib.

Alı Alıyev rayonda iqtisadiyyatın inkişaf etdirilməsi, ərzaq məhsullarına tələbatın yerli istehsal hesabına ödənilməsi, əhalinin sosial rifahının yaxşılaşdırılması məsələlərinə də toxunub. Bildirib ki, rayonda kənd təsərrüfatı və sahibkarlıq daha da inkişaf etdirilməli, məcburi köçkünlər həyatyani və pay torpaqlarında səmərəli istifadə etməlidirlər.