Sabiq deputat təcridxanaya köçürüldü

Beynəlxalq Bankdan yüz milyonlarla manat kredit götürən və qaytarmayan iş adamlarından biri, keçmiş deputat Dünyamin Xəlilov Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb. Eks-deputat buna qədər DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında saxlanılırdı. Fevralın 20-də onu BİT-ə köçürüblər. D.Xəlilovun barəsində Nərimanov Rayon Məhkəməsi ötən ilin mayında 3 aylıq həbs-qətimkan tədbiri seçmişdi.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, indiyə kimi Dünyamin Xəlilovu təcridxanaya salmırdılar və onu müntəzəm qaydada dindirərək buraxırdılar. Nəhayət, ötən il dekabrın sonlarında D.Xəlilovun "Global Construction" şirkətinin Beynəlxalq Bank işi üzrə həbs olunmuş sıravi işçilərindən bir neçəsini həbsdən buraxdılar. Onların yerinə oliqarxın özü həbs olundu. O, Beynəlxalq Bankın keçmiş rəhbəri Cahangir Hacıyevlə təcridxanada bir neçə dəfə üzləşdirilib. D.Xəlilov bankdan götürdüyü kredit hesabına Bakıda "Globus Plaza" ticarət mərkəzini də tikmişdi. Onun adı mətbuatda banka ən çox borcu olanlardan biri kimi keçirdi. Deyilənə görə, D.Xəlilov Beynəlxalq Bankdan 1 milyard 700 milyon manat (!) kredit alıb, həmin krediti geri ödəməyib. Bakıda, Rusiya səfirliyi yaxınlığında elit "Saatlı bina"nın sahibi idi.

D.Xəlilovun Beynəlxalq Banka borcu ilə bağlı qalmaqal 2011-ci ildə başlayıb. O, 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə parlamentin deputatı olmuş D.Xəlilov Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus "Şəki Bazar" və "Şəki Ət Kombinatı" ASC-ni uzun müddət D.Xəlilov idarə edib. Maraqlıdır ki, Beynəlxalq Bankın bir filialı uzun illər "Globus Plaza"nın üçüncü mərtəbəsində yerləşib. Yalnız bu iş üzrə həbslər başladıqdan sonra bankın fəaliyyəti dayandırılaraq oradan köçürülmüşdü. D.Xəlilovun fevralın 20-nə qədər həbs olunmamasının əsas səbəbi kimi onun banka olan borclarını qaytarması göstərilir. Qeyd edilir ki, D.Xəlilov azadlıqda olduğu aylar ərzində ən müxtəlif xarici ölkələrdəki tanışları ilə əmlaklarını satın almaları üçün danışıqlar aparıb. Həmin danışıqların elə də ciddi nəticə vermədiyi və sonda eks-deputatın həbsinə qərar verildiyi bildirilir.

Sirli 13 milyon dollarlıq ödəmə

Beynəlxalq Bankının batan kreditləri üzrə davam etməkdə olan prosesdə qəribə hal yaranıb. İş üzrə ittiham edilənlərdən biri, "Qara polkovnik" kimi tanınan mərhum polkovnik Fətulla Hüseynovun oğlu Adil Hüseynovun əvəzindən kimlərsə Beynəlxalq Banka 13 milyon dollar ödəyib. Bu ödəmə banka dəymiş ziyanın ödənilməsinə, yaxud Adil Hüseynovun adına rəsmiləşdirilmiş 318 milyon manat kredit borcunun qaytarılmasına yönəlmiş məbləğdir. Ödəmə 9 ay ərzində hissə-hissə həyata keçirilib. Məlumatı virtualaz.org-a A.Hüseynovun vəkili Kamandar Nəsibov verib. Vəkil deyib ki, Adil Hüseynovun işini aparan müstəntiqlər bu ödəmənin kimlər tərəfindən həyata keçirildiyini bilmir. "Mən Adil Hüseynovdan bu haqda soruşdum. Bildirdi ki, 9 aydır həbsdədir və heç nədən xəbəri yoxdur, bu səbəbdən pulu kimin ödədiyi haqda anlayışı yoxdur" deyə, vəkil bildirib. Vəkilin sözlərinə görə, A.Hüseynovla bağlı istintaq hərəkətləri aparılmır: "Adil Hüseynov ona verilən göstərişləri yerinə yetirib. 9 aydır ki, əsassız olaraq həbsdə saxlanılır. Yaxşı bilirlər ki, Adil Hüseynov 318 milyon manatı mənimsəməyib. Bu barədə söhbət belə gedə bilməz". Vəkil bildirir ki, hüquqlarını müdafiə etdiyi şəxs Beynəlxalq Bankın işçisi olub və bir işçi kimi rəhbərliyin göstərişlərini yerinə yetirib.

"Sənədlər Beynəlxalq Bank tərəfindən gizlədilir..."

"Maliyyə sənədlərinin araşdırılmasında Adil Hüseynov özü istintaqa köməklik edir. Çünki əksər sənədlər Beynəlxalq Bank tərəfindən gizlədilir. Bu sənədləri istintaqa təqdim etməkdən yayınırlar. Bizim sorğulara cavab vermirlər. Adil Hüseynov tutulandan sonra yay aylarında dəymiş ziyanın ödənilməsi ilə bağlı 13 milyona yaxın pul ödənilib. Qəbzlər istintaqa təhvil verilib. Pulu kim ödəyib bilinmir, bizə məlum deyil. Bu, kredit borclarının bağlanmasına yönəlmiş məbləğdir"- deyə vəkil əlavə edib.

Vəkilin dediyinə görə, Dubayda fəaliyyət göstərən zavodlara - Beynəlxalq Bankın pulu hesabına tikilən "İntertextil" və "İntersteel" zavodlarına hazırda çeçen əsilli Rusiya vətəndaşı, "İntermet" adlı şirkətin rəhbəri Hüseyn Marayevin adamları rəhbərlik edir: "Zənnimcə, Beynəlxalq Bankın göstərişi əsasında Xəqani Bəşirov həmin zavodları Hüseyn Marayevə təhvil verib. Hər iki zavoda bu gün Hüseyn Marayevin adamları rəhbərlik edir. Ortaya sual çıxır: o zavodlar girovda ola-ola hansı əsasla Hüseyn Marayevin adamlarına verilir? O girovun rəsmiləşdirilməsi, girovun həmin obyektlərin üzərində qalmasının əsas səbəbkarı Adil Hüseynov idi. Bununla bağlı neçə il məhkəmə proses getmişdi. Həmin məhkəmələrə 10 milyonlarla pul xərclənmişdi. Beynəlxalq Bank bu zavodları Hüseyn Marayevə elə-belə bağışladı? Bank məsələni həll edibsə, zavodları onlara versin. Amma onda Adil Hüseynovla bağlı məsələ də bitməli idi. Zavodlar verilir "İntermet"ə, Adil Hüseynov isə həbsdə qalır. Niyə? Artıq Adil Hüseynovu o zavodlara bağlayan heç nə yoxdur. Axı bir sübut da yoxdur ki, Adil Hüseynov orada nəsə mənimsəyib".