“Facebook”dan gələn təhlükə

Son vaxtlar sosial şəbəkə istifadəçilərinə "adını, soyadını, bürcünü, təhsilini, email ünvanını yaz, ölüm tarixini və nə qədər gözəl olduğunu müəyyənləşdir" tipli testlər təklif edilir. Həmçinin bəzi testlərdə istifadəçilərdən bir neçə sualı cavablandırmaları tələb edilir.


Sosial şəbəkələrdə yayılan bu testlər bir çox istifadəçilərin diqqətini cəlb edir.



Həmçinin onlara "necə və nə vaxt öləcəksən?", "adını yaz ləqəbini öyrən", "dostların sənin profilin barədə nə düşünür?", "30 il sonra ən yaxın dostun kim olacaq?", "hansı məhşurla sevgili olarsınız?", "ən çox hansı dostuna oxşayırsan?" kimi məzəli test təklifləri gəlir. Bu cür paylaşımlar şəbəkədə sürətlə yayılır. 7-dən 77-yə hər bir insan testdən keçərək onlara maraqlı olan sualın cavabını almaq istəyirlər. İlk baxışdan zərərsiz görünən bu "oyuncaqlar" əslində kifayət qədər təhlükəlidir.

Testlər şəxsi məlumatların yığılmasından tutmuş elektron hesablardan pulun oğurlanması kimi təhlükələrin daşıyıcısıdır.

Bu növ tətbiqlər istifadəçinin adı, soyadı, şəkillərinin sayı, dostları ilə əlaqəsi kimi detallarla əməliyyat aparırlar. Bunun üçün, əlbəttə ki, istifadəçinin icazəsi tələb olunur. İstifadəçinin zənnincə bu cür məlumatın yayılması təhlükəsizdir. Nəticədə, istifadəçinin sosial şəbəkədə saxlanılan bütün məlumatları tətbiqin tərtibatçılarının bazasına düşür. Bu cür məzmun yaradan şirkətlər isə istifadəçinin məlumatlarından istədikləri kimi istifadə edə bilərlər və bu heç də həmişə qanun çərçivəsində baş vermir.

Mütəxəssislər xəbərdarlıq edir ki, belə testlər vasitəsilə insanların şəxsi məlumatları oğurlana bilər. Bəzi hallarda isə hətta isitfadəçiyə gələn təkliflərdə onlardan kredit kartlarının kodları tələb edilir.

İnformasiya Texnologiyaları (IT) üzrə mütəxəssis Amid Quliyevin sözlərinə görə, bu tipli tətbiqlərdən istifadə etmək istədikdə hər zaman istifadəçidən müəyyən icazələr istəyir. "İstənilən ən sadə icazələr sizin email, şəxsi informasiya (iş yeri, doğum tarixi və s.), dostlarınızın siyahısı və sizin səhifənizə yaza bilmək imkanı olur. Bəzi istifadəçilər əsasən bu icazələrə baxmır, nə üçün istənildiyinə fikir vermir və qəbul edirlər. Bu şəxsi məlumatlar isə sonradan reklam məqsədi ilə istifadə olunur/oluna bilər", - deyə mütəxəssis bildirdi.

Mütəxəssis bildirdi ki, reklamdan başqa bəzən troyan virusların yayılması məqsədi ilə də bu icazələrdən istifadə olunur. "Əgər kompüterinizdə lazımi təhlükəsizlik proqramı yoxdursa, onun da virusa yoluxmaq ehtimalı böyükdür. Tətbiqlərdən istifadəyə başlamadan öncə, tətbiq sahibinin güvənilir mənbə olub - olmadığını və tələb olunan icazələrin nələr olduğunu ciddi gözdən keçirmək lazımdır",-deyə Amid Quliyev bildirdi.



İstifadəçinin email və şəxsi informasiyaları oğurlandıqda bu problemlər yaşana bilər.

Bəs məlumatların təhlükəsizliyini necə təmin etmək olar? Ən əsası tətbiqlərin hansı informasiyadan istifadə edəcəyi haqda məlumatı diqqətlə oxumaq lazımdır.

Bir neçə asan qaydalara riayət etməklə İnternetdə arzuolunmaz nəticələrdən yaxa qurtarmaq mümkündür.

1. İstifadə olunacaq testin səhifədən hansı məlumatlara giriş istədiyi haqda məlumatı diqqətlə oxumaq lazımdır.

"İnsanlar bu testlərə əyləncəli yanaşsalar da onların şüuraltına istər-istəməz təsir edir".

2. Şəxsi səhifənizin tənzimləmələrini mütəmadi olaraq yoxlayın: hansı tətbiqlər sizin səhifəyə bağlıdır və hansı hüquqları var.

3. Testlərdə və ya digər linklərə keçid alanda bank kartının məlumatları, telefon nömrələri, şifrələr və digər şəxsi məlumatları yazmayın.

4. Kompyuterinizdə anti-virus proqramının quraşdırılmasında əmin olun.

5. Gələcəkdə hər hansı bir sosial şəbəkədə bu və ya digər məlumatı yerləşdirdikdə düşünün - bu nə qədər təhlükəsiz ola bilər.

Sadalanan bu təhlükələdən savayı testlər həmçinin insanlara psixoloji təsir də göstərə bilirlər. Psixoloqlar bu cür tətbiqlərdən qorunmağı tövsiyyə edirlər.

Psixologiya və Konsultasiya mərkəzinin psixoloqu Elnur Rüstəmovun sözlərinə görə, bir sıra testlərin nəticələri insanlara mənfi təsir edir.

"Məsələn, bir nəfər sosial şəbəkədə necə və nə vaxt öləcəyi ilə bağlı testdə iştirak edir. Testin cavabında onun bir müddət sonra avtomobil qəzasında öləcəyi deyilir. Bu istər – istəməz insanın daxilində avtomobilə qarşı fobiya yaradır. Demək olmaz ki, belə testlərdə iştirak edən insanın psixoloji problemləri var. Sadəcə onlar yenilik istəyirlər", - deyə Elnur Rüstəmov bildirdi.

Psixoloq qeyd etdi ki, sosial şəbəkələrdə tətbiq edilən testlərin heç bir metodoloji əsası və nəzəri bazası yoxdur. "Bunlar yalnız şou xarakteri daşıyır. İnsanlar bu testlərə əyləncli yanaşsalar da, onların şüraltısına istər – istəməz təsir edir. Testlər zamanı psixi sağlamlıq və təhlükəsizlik qorunmur", - deyə psixoloq bildirdi.

Onu da nəzərə almaq lazımdır ki, bu testləri əsasən peşəkarlar deyil sadə insanlar hazırlayır. Buna görə də onların nəticələrini çox ciddi qəbul etməyə dəyməz.

Diqqətli olun! İnkişafda olan texnologiyalar vasitəsi ilə demək olar ki, hər gün intenetdə yeni təhlükələr yaranır. Nə qədər sadə səslənsə də təhlükəsizliyiniz öz əlinizdədir.

anspress.com