- Siyasi müzakirə
- 21:31
- 2 041
"Azərbaycanlılara qarşı törədilən qırğınlar planlı soyqırımı idi" – Nigar Məmmədova
"31 mart — Azərbaycanlıların soyqırımından 108 il ötür. 1918-ci ildə erməni daşnakları və bolşeviklər Bakı, Şamaxı, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə azərbaycanlı əhaliyə qarşı vəhşiliklər törədərək on minlərlə günahsız dinc sakini milli mənsubiyyətinə görə xüsusi qəddarlıqla qətlə yetirmişdir. Məqsəd “Böyük Ermənistan” xülyasını reallaşdırmaq, müsəlman əhalinin sayını regionda soyqırımlar törətmək yolu ilə azaltmaq olmuşdur. Tarixi mənbələr göstərir ki, bu qırğınlar planlı şəkildə həyata keçirilmiş, məqsəd yerli əhalini qorxutmaq, bölgədən qovmaq və demoqrafik vəziyyəti dəyişmək olmuşdur. Hadisələrin coğrafiyası olduqca geniş ərazini əhatə etmişdir. Bakı ilə yanaşı, Qarabağ, Şamaxı, Quba, Naxçıvan, Zəngəzur və digər bölgələrdə kütləvi qətliamlar törədilmişdir. Xüsusilə Quba və Şamaxıda baş verən hadisələr miqyasına və qəddarlığına görə fərqlənir. Şamaxıda on minlərlə insanın öldürüldüyü, yüzlərlə kəndin dağıdıldığı qeyd olunur. Qubada sonradan aşkarlanan kütləvi məzarlıq bu faciənin miqyasını bir daha ortaya qoymuşdur. Bu məzarlıq və əldə olunan tarixi faktlar mart qırğınlarının erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə niyyəti ilə əvvəlcədən planlaşdırılmış və həyata keçirilmiş siyasətin tərkib hissəsi olduğunu göstərir".
Bu fikirləri Aznews.az-a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova deyib.
Xatırladaq ki, 31 mart — Azərbaycanlıların Soyqırımı Günü XX əsrin əvvəllərində baş vermiş ən ağır faciələrdən biri kimi tarixdə yer alır. 1918-ci ildə müxtəlif bölgələrdə azərbaycanlı əhaliyə qarşı kütləvi qırğınların törədildiyi qeyd olunur. Bu hadisələr tarixi mənbələrdə geniş şəkildə əks olunub və müxtəlif araşdırmalarda tədqiq edilir. Azərbaycan dövləti bu faciəyə hüquqi-siyasi qiymət verərək 31 martı rəsmi anım günü kimi təsbit edib.
Deputat qeyd edib ki, soydaşlarımıza qarşı törədilən bu vəhşiliklərin erməni müəlliflərin öz yazılarında da etiraf edildiyi hallara rast gəlinir.
"Təəccüblənməyə dəyərmi ki, ancaq Ermənistanda daşnak hökuməti özünün 30 aylıq hakimiyyəti dövründə (may 1918 – noyabr 1920) Azərbaycan əhalisinin 60 faizini qırmışdır” deyə erməni tarixçi Yervand Aleksandroviç Lalayan öz yazılarında qeyd etmişdir. Bu kimi etiraflar kifayət qədərdir. Dinc əhaliyə qarşı törədilən bu cinayətlər tarixdə mülki insanlara qarşı həyata keçirilmiş ən ağır zorakılıq aktlarından biri kimi qiymətləndirilir. Azərbaycan dövləti müstəqillik əldə etdikdən sonra bu faciələrə hüquqi-siyasi qiymət verilməsi istiqamətində mühüm addımlar atmışdır. Belə ki, 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin imzaladığı fərmana əsasən 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində anılır. Ulu Öndərin də qeyd etdiyi kimi, “xalqımıza qarşı yeridilmiş soyqırımı siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqətlər yalnız Azərbaycan rəhbərliyinin qətiyyəti sayəsində dünya ictimai fikrinə çatdırılmağa başlamışdır. Bu işdə Azərbaycan vətəndaşlarının, ictimaiyyətin, xarici ölkələrdəki azərbaycanlı icmalarının üzərinə böyük məsuliyyət düşür. Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir.” Həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncamlar və həyata keçirilən tədbirlər nəticəsində soyqırımı həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində işlər daha da genişləndirilmişdir. Xüsusilə Qubada yaradılmış Soyqırımı Memorial Kompleksi bu istiqamətdə mühüm simvola çevrilmişdir. Cənab Prezidentin də qeyd etdiyi kimi, “beş ay ərzində 50 mindən çox soydaşımız erməni faşizminin qurbanı olmuşdur. Bakı soyqırımı, Quba soyqırımı, İkinci Dünya müharibəsində erməni faşizminin törətdiyi cinayətlər və keçən əsrin sonlarında növbəti dəfə erməni faşizminin təzahürləri Azərbaycan tarix elmində geniş şəkildə tədqiq edilməlidir.” 31 Mart yalnız keçmişə baxış deyil, həm də gələcəyə çağırışdır. Aparılan araşdırmalar nəticəsində çoxsaylı yeni faktlar və sənədlər toplanmışdır. Bu gün Azərbaycan cəmiyyətinin qarşısında duran əsas vəzifələrdən biri tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasının davam etdirilməsidir. Bu, həm şəhidlərin xatirəsinə ehtiram, həm də milli kimliyin və tarixi yaddaşın qorunması baxımından mühüm vəzifədir".
Rəfiqə Namazəliyeva,
AzNews.az