- Siyasi müzakirə
- 21:28
- 2 921
"Qlobal təhlükəsizlik ən böyük təhdid altındadır" – Ədalət Verdiyev
"Yaşadığımız müasir dövrün ən böyük problemi hazırda təhlükəsizliklə bağlıdır. Davam edən Ukrayna–Rusiya və İran–ABŞ münaqişəsi fonunda həm regional, həm də qlobal təhlükəsizlik böyük təhdidlər altındadır. Şimalda gedən və 5 ildir davam edən müharibədə qonşu ölkələrin bu münaqişəyə cəlb edilmə şansı hələlik məhdud olsa da, İran bunun tam əksinə olaraq qonşu Körfəz ölkələrini, hətta bu münaqişədə iştirak etmək istəməyən, neytral olan Azərbaycan və Türkiyəni belə münaqişəyə cəlb etmək üçün dəfələrlə cəhd göstərib. Hətta İran NATO üzvü olan Türkiyə ərazisinə də 4 dəfə hücum etməklə Türkiyəni və onun timsalında NATO-nu da bu münaqişənin bir parçasına çevirmək istəyir ki, bu da heç bir halda İranın milli və dövlət maraqlarına uyğun deyil. Hələlik NATO bu münaqişəyə qoşulmaq niyyətini bəyan etməyib. Onun atdığı addımlar da yalnız və yalnız üzv ölkələrin təhlükəsizliyini, o cümlədən də hava hücumundan müdafiəni təşkil etməkdən ibarətdir. İranın raket ehtiyatları müəyyən qədər istifadə olunub və hazırda İranın əlində qalan ehtiyatlar ümumi raket miqyasının təxminən 25–30 faizini təşkil edir".
Bu fikirləri Aznews.az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.
Qeyd edək ki, son günlər regionda müşahidə olunan gərginlik beynəlxalq təhlükəsizlik gündəmini yenidən ön plana çıxarıb. Xüsusilə NATO ölkələrinin mümkün hərbi proseslərə cəlb olunması ilə bağlı müzakirələr daha da intensivləşib. Analitiklərə görə, alyansın hər hansı münaqişəyə birbaşa müdaxiləsi yalnız regional deyil, həm də qlobal təhlükəsizlik arxitekturasına ciddi təsir göstərə bilər. Bu səbəbdən NATO-nun mövqeyi, qərarvermə mexanizmləri və mümkün inkişaf ssenariləri beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.
Ekspert qeyd edib ki, bu halda biz münaqişənin daha çox genişlənəcəyini deyə bilmərik, çünki İran bir çox ölkələrin ərazisinə zərbə endirmək üçün adətən ballistik raketlərdən istifadə edir.
"Amma İranın pilotsuz uçuş aparatları 2.000 km radiusda yerləşən ölkələrə zərbə endirmək imkanına malikdir. Doğrudur, bu raket zərbəsi ilə eyni gücə malik olmayacaq, amma kütləvi dron zərbəsi ilə raket zərbəsinə yaxın olan bir effekt əldə etmək də mümkündür. Regionda və dünyada artan gərginliyin əsas səbəblərindən biri Rusiyanın Ukrayna ərazisinə hücumudur. Digər tərəfdən, Yaxın Şərqdə isə bu gərginliyin əsas səbəbi İranda mövcud olan dini diktaturanın beynəlxalq təhdid mənbəyinə çevrilməsidir. Müharibələrin miqyası indiki iştirakçı ölkələrin miqyasından kənara çıxmayacaq. Amma mənə görə İranın hərbi potensialı zəiflədikcə, daha əvvəl ərazisində Tehran tərəfindən, SEPAH tərəfindən zərbələr endirilən ölkələr müəyyən qədər Tehrandan öz qisaslarını almağa çalışacaqlar ki, bu da İran dövləti üçün, İran xalqı üçün yaxşı heç nə vəd etmir. Yəni, İrandakı Molla rejiminin səhvləri ucbatından İran xalqı daha çox məhrumiyyətlərə, daha çox dağıntılara, daha çox itkilərə məruz qalacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az