Bir neçə il bundan əvvəl Azərbaycanda aptek açmaq bir növ ənənə halını almışdı. Bir neçə il bundan əvvəl Azərbaycanda aptek açmaq bir növ ənənə halını almışdı.

Dərmana möhtac qalan minlərlə insan

Bir neçə il bundan əvvəl Azərbaycanda aptek açmaq bir növ ənənə halını almışdı.


Hazırda paytaxt Bakıda apteklərin sayı yetəri qədər olsa da regionlarda yerləşən kəndlər üçün bunu demək olmaz.

Saatlı rayonu, Mircəlal kənd sakini Rauf Əhmədov bildirdi ki, kəndlərində aptek olmadığı üçün dərmana ehtiyac olanda rayona və başqa kəndlərə getmək məcburiyyətində qalır.

"Evimizdə körpə uşaq və qoca nənəm var. Onların hər birinin təcili dərmana ehtiyacı olur. Amma onlara dərman lazım olanda 7-8 km uzaqlıqda olan Adgün kəndinə, ya da rayonun mərkəzinə getmək məcburiyyətində qalırıq", - deyə kənd sakini bildirdi. Rauf Əhmədovun sözlərinə görə, yaxın kəndlərdə belə aptek yoxdur.

"Azərbaycanda aptek açmaq üçün lisenziya verilişində kənd və şəhər arasında fərqlilik olmalıdır".

Bu problemlər dağlıq rayonlarda özünü daha çox büruzə verir. Çünki qışda qar yağdıqda rayon mərkəzi ilə əlaqə kəsilir. Kənddə isə aptek olmadığı üçün sakinlər çıxılmaz vəziyyətdə qalır. Bəs kəndlərdə apteklərin fəaliyyət göstərməsinə nə mane olur?

Əlaqə saxladığımız əczaçıların çoxu kəndlərdə apteklərin olmaması ilə bağlı onlara şikayətlərin daxil olduğunu bildirdilər. Bakıda yerləşən apteklər şəbəkəsinin əməkdaşı bildirdi ki, kəndlərdə aptek açmaq əksər əczaçılara sərf etmir. "Çünki hər hansı bir sahibkar obyekti tikir və icarəyə verir. Daha sonra əczaçı aptek açmaq üçün müəyyən məbləğdə pul ödəyib lisenziya alıb aptek açır. O, ikiqat xərcə düşür. Amma bir müddətdən sonra görür ki, heç çəkdiyi xərci belə çıxara bilmir. Çünki elə kənd var ki, orada 500-1000 nəfərdən aşağı insan yaşayır. Amma rayonlarda aptek yaradılmasına böyük maraq var", - deyə aptek əməkdaşı bildirdi.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü, millət vəkili Musa Quliyevin sözlərinə görə, Azərbaycanda aptek yaradılması üçün lisenziyaya 5500 manat dövlət rüsumu ödəmək lazımdır. Millət vəkili bildirdi ki, apteklərin fəaliyyətini genişləndirmək üçün dövlət rüsumu paytaxtdakından 2-3 dəfə aşağı olsa, əczaçıların kəndlərdə bu sahəyə marağı artar.

"Bu rüsum həm kəndə, həm də şəhərə aiddir. Nəzərə almaq lazımdır ki, Azərbaycanın elə kəndləri var ki, orada əhalinin sayı azdır. Bu səbəbdən əczaçılar kommersiya maraqlarını üstün tutur və kəndlərdə aptek açmağa maraq göstərmir", - deyə Musa Quliyev bildirdi.

Ümumilikdə, Azərbaycanda həm özəl apteklər, həm də poliklinikaların tərkibində dövlət aptekləri fəaliyyət göstərir. Səhiyyə Nazirliyindən verilən məlumata görə, ölkədə poliklinika tərkibində fəaliyyət göstərən 26 imtiyazlı aptek var. "Ümumilikdə isə ölkədə 2 minə yaxın özəl aptek fəaliyyət göstərir. Kənd yerlərində də apteklər var. Poliklinika tərkibində fəaliyyət göstərən apterlərin azlığı ilə bağlı şikayət edənlər isə yoxdur", - deyə nazirlikdən bildirildi.

Azərbaycanda dövlət nəzarətində olan imtiyazlı apteklər fəaliyyət göstərsə də açıqlanan rəqəmlərə nəzər saldıqda onun çox az olduğunu görürük. Çünki Azərbaycanda 66 rayon, 77 şəhər, 13 şəhər rayonu, 257 qəsəbə, 1719 kənd ərazi dairəsi və 4260 kənd yaşayış məntəqəsi var. Ölkə əhalisinin 47 faizi isə kənd yerlərində yaşayır. Onların dərmana olan tələbatını ödəmək üçün həmin yerlərdə fəaliyyət göstərən özəl apteklərin sayının çox az olduğunu nəzərə alsaq, poliklinika tərkibində fəaliyyət göstərən dövlət apteklərinin sayını artırmaq məqsədəuyğun olardı.

Xarici ölkələrdə lisenziya şərtləri və dövlət rüsumları ilə bağlı sahibkarlara xüsusi güzəştlər tətbiq edildiyi üçün bu sahədə nəzərəçarpan problemlər hiss edilmir. Məsələn, 78 milyondan çox əhalisi olan Türkiyədə 25 min aptek var. Ölkədə 3000 nəfərə bir aptek düşür. Hətta ölkənin bəzi dağlıq ərazilərinə Səhiyyə Nazirliyi tərəfindən səyyar apteklər də göndərilir. Kənd sakinləri həftədə bir dəfə səyyar apteklərin xidmətindən istifadə etməklə vacib lazım olan dərmanları asanlıqla əldə edə bilirlər.

Ən önəmli addımlardan biri əksər lisenziyaların "ASAN" xidmət tərəfindən verilməsidir. Bütün bu tədbirlər əczaçıları kəndlərdə aptek açmağa həvəsləndirə bilər. Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə 26-cı ildə qəbul olunan tələblərə əsasən Azərbaycanda aptek açmaq üçün şəxsiyyət vəsiqəsi, diplom, əmək kitabçası, vergi qeydiyyatı şəhadətnaməsi, tibbi arayış və sair sənədlər tələb olunur. Aptekin rəhbəri bu sahədə ali və ya orta təhsilə, həmçinin 5 illik iş təcrübəsinə malik olmalıdır.



Kəndlərdə aptek təşkilatlarının yaradılmasına mane olan səbəblər

Amma əsasən aptek açmaq üçün tələb olunan 5500 manat dövlət rüsumu ölkədə müəyyən narahatlıq doğurur. Çünki bütün apteklər eyni gücdə işləmək imkanında deyil. Ona görə də, apteklərlə bağlı müəyyən kriteriyalar müəyyən olunması və bu kriteriyalara uyğun olaraq rüsumlar təyin edilməsi bu sahənin canlanmasına səbəb ola bilər. Aptekin sahəsinə, yerləşdiyi yerə, əhali sayına görə və digər başqa meyarlara əsasən bu rüsum fərqli təyin edilə bilər.

anspress.com