- Siyasi müzakirə
- 19:51
- 966
“Gürcüstanda proses həm hüquqi, həm siyasi xarakter daşıyır” - Rəşad Bayramov
“Gürcüstanda baş verən hadisələr – Vahid Milli Hərəkat, Dəyişikliklər Uğrunda Koalisiya və Güclü Gürcüstan partiyalarının Konstitusiyaya zidd elan olunması ilə bağlı iddia – həm hüquqi, həm də siyasi elementləri ehtiva edir. Konstitusiya Məhkəməsinin bu iddianı araşdırması texniki baxımdan demokratik institutların işlədiyini göstərir: yəni müvafiq hüquqi prosedurlar həyata keçirilir və partiyaların fəaliyyəti qanuni çərçivədə qiymətləndirilir. Lakin diqqət çəkən məqam odur ki, iddia parlamentin 88 deputatı tərəfindən irəli sürülüb. Bu, faktiki olaraq hakim partiyanın müxalifət partiyalarına qarşı siyasi addımı kimi qiymətləndirilə bilər”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.
Xatırladaq ki, Gürcüstan Konstitusiya Məhkəməsi hakim “Gürcü Arzusu” Partiyasının keçmiş prezident Mixeil Saakaşvilinin rəhbərlik etdiyi Vahid Milli Hərəkat və iki digər müxalif partiyanın – “Dəyişikliklər uğrunda Koalisiya” və “Güclü Gürcüstan” – qadağan olunması barədə iddiasını qeydiyyata alıb. İddia parlamentin 88 deputatı tərəfindən təqdim edilib və qanuna görə, Məhkəmə bunu 9 ay ərzində araşdırmalıdır. Hakim partiya iddianın hüquqi əsasını parlamentin İstintaq Komitəsinin hesabatı ilə izah edir; hesabatda Saakaşvili dövründə insan haqlarının pozulması və partiyanın 2012-ci ildən sonra dövlətə qarşı “dağıdıcı fəaliyyət” göstərdiyi iddia olunur.
Siyasi şərhçi qeyd edib ki, Gürcüstanda hakim partiyanın bu iddianı təqdim etməsi və əsasən müxalifət partiyalarını hədəfə alması, prosesin yalnız hüquqi çərçivədə aparıldığına dair şübhələr doğurur.
"Bu isə ölkədə siyasi sistem və demokratiyanın vəziyyəti barədə ciddi suallar doğurur. Suallardan biri belədir: əgər Saakaşvili dövründə (2004–2012) insan haqlarının kütləvi şəkildə pozulması və onun rəhbərlik etdiyi partiyanın 2012-ci ildən sonra da dövlətə qarşı “dağıdıcı fəaliyyət”i olubsa, o zaman bu partiyanın indiyə qədər fəaliyyətinə niyə icazə verilirdi? Başqa sözlə, hakim partiya həqiqətən də dövlət üçün təhlükəli və dağıdıcı fəaliyyət göstərən bir partiyaya niyə göz yumub, indi nə dəyişib? Bu vəziyyət Gürcüstanın demokratik institutlarının mövcudluğunu və siyasi sistemin mürəkkəbliyini göstərir. Formal olaraq hüquqi prosedurlar işləyir və Konstitusiya Məhkəməsi müstəqil araşdırma aparmaq imkanına malikdir. Lakin siyasi kontekst – parlamentdə hakim partiyanın üstünlüyü və müxalifət partiyalarının hədəfə alınması – prosesin siyasi motivlərlə aparılma ehtimalını artırır. Ümumiyyətlə, demokratik standartlar baxımından müxalif partiyaların qadağan olunması yalnız ciddi hüquqi əsaslara söykənməli və siyasi maraqlarla qarışdırılmamalıdır. Bu hadisə eyni zamanda beynəlxalq birliyin və Qərb institutlarının Gürcüstanla bağlı müəyyən addımlar atmasına da səbəb ola bilər".
Rəfiqə Namazəliyeva,
AzNews.az