İnsanlarımız niyə aqressivləşir? - Psixoloqlardan ilginc yanaşma

Son illər cəmiyyətdə həddini aşan bir aqressiv ab-hava var. İnsanlar ən primitiv situasiyalarda belə, ən sərt reaksiyaları verirlər, bir-birini öldürəcək səviyyədə aqressiya nümayiş etdirirlər.


Nəqliyyatda sürücülər, ictimai nəqliyyatda sərnişinlər arasında belə hallar tez-tez yaşanır. Son olaraq yol polisinin kobud sözünə qarşı əlindəki çəkiclə onun maşınını zədələyən vətəndaşın örnəyi də bunlardan biridir.

Bəs səbəb nədir? Yeyib-içdiklərimiz, iqtisadi böhran, yoxsa psixoloji problemlərin artması?

Heç kimə sirr deyil ki, insanların psixi sağlamlığını pozan səbəblər sırasında ekologiyadan tutmuş, səbirsizlik, vaxt məhdudiyyəti, stresslər və digər faktorları sadalamaq olar. Yer kürəsində insanların sayı durmadan artır, bu da istər makro, istərsə də mikro problemlər yaradır.

Müharibə, münaqişə, təbii fəlakətlər, şəhərlərdə əhalinin artması, bunun yaratdığı gərginliklər də psixioloji problemləri yaradan səbəblərdəndir. Əsəb yorğunluğunun əsas səbəbi istirahətsiz iş prosesidir.

Bundan başqa, psixiatrlar iddia edir ki, normal psixika üçün vacib şərtlərdən biri yuxudur. Amma şəhər mühitində normal yuxu yatmaq mümkün deyil. Buna ilkin səbəb gündəlik gərgin rejimdirsə, digər səbəb də gecələr də günorta olduğu kimi səs-küyün olmasıdır.

Nəticə etibarilə insanlar 8 saat yatsa belə, normal dincələ bilmirlər. Bu isə özünü aqressiv davranışlarda göstərir. Çünki yuxusuzluğun yaratdığı stress zamanla bədəndə toplanır və psixi problemlərlə nəticələnir. Münaqişələr, stresslər, daim tələsmək, küy də insan beynini yorur.

Daha bir iddia isə insanlarımızı hər gün dükan-bazardan aldıqları GMO(Genetik Modifikasiya Olunmuş) məhsullarının aqressivləşdirməsidir. Belə ki, orqanizmə ziyanlı olması dəfələrlə sübut edilmiş bu məhsulların psixikanı da sıradan çıxardığı sübut edilib.

Məsələn, heyvanlar üzərində aparılan araşdırmalar GMO-ların zərərsiz olmadığını göstərir. Məsələn, Şotlandiyanın Rowett İnstitutundan Dr. Arpad Pusztainin genetikası dəyişdirilmiş kartof ilə bəslədiyi siçanların hamısının daxili orqanlarında kiçilmə, həzm sistemlərində pozğunluq, immunitet sistemlərində çökmə, qan strukturlarında pozulma meydana gəlib.


Avstriya Kənd Təsərrüfatı və Səhiyyə Nazirliyinin maliyyəsi ilə Vyana Universitetinin keçən il apardığı araşdırmada isə GMO-lu qidaların verildiyi siçanların üç dörd nəsil sonra çoxalma qabiliyyətlərini itirdikləri aşkarlanıb.

Müstəqil araşdırmalara görə, geni modifikasiya edilmiş məhsulların antibiotiklərə qarşı müqavimət yaratdığı, allergiya, orqanlarda kiçilmə, qanın biyokimyasında pozulma,sonsuzluq, ölü doğum nisbətində ciddi artım, gələcək nəsillərdə boy və çəki əskikliyinə səbəb olduğu aşkarlanıb.

Bütün bunlara baxmayaraq, belə məhsulların zərərli olmadığını iddia edənlər də var. Ancaq, bir çox ölkədə məsələn Fransa, İsviçrə, Tayland, Səudiyyə Ərəbistanı, Boliviya, Polşa, Macarıstan və Gürcüstanda genetikası dəyişdirilmiş məhsulların qadağan edilməsi bunların zərərli olduğunu göstərir.

Kənd təsərrüfatı üzrə ekspertlər isə iddia edir ki, GMO məhsulları insan orqanizmi üçün təhlükə mənbəyi sayılmır. Belə ki, yəhudilər farel balığını çox sevirlər. Genetik modifikasiya yolu ilə onlar farel balığının çəkisini qısa müddətdə artırmağa nail olublar.

Yəhudilərin hamısı - uşaqdan-böyüyə qədər bu balıqdan istifadə edirlər. Nəzərə almaq lazımdır ki, İsrail elmdə, səhiyyədə kifayət qədər inkişaf etmiş ölkədir.

Azərbaycanda istehlak etdiyimiz məhsulların təxminən 90 faizə qədəri heyvan və bitki tərkibli GMO-dur. İnsan orqanizmi üçün zərərli olan məhsullar kimyəvi maddələrin tətbiqi nəticəsində istehsal edilən məhsullardır.

Bu gün fermer yüksək məhsul əldə etmək üçün daha çox mineral gübrədən istifadə edir, bu isə öz növbəsində əldə olunan məhsulda orqanizm üçün zərərli olan toksik maddənin miqdarını artırır. Fermerlər bu prosesi qaydasında idarə etməkdə acizdir.

Süni yaradılmış gübrələrdən ideal şəkildə istifadə edərək prosesi normal idarə etmək çox çətindir. Bitki süni yolla yaradılmış mineral maddələri daha çox mənimsəyir, havalar çox isti keçən zaman və gecələr fotosintez prosesi dayandıqda, qeyri-üzvi maddələrin üzvi maddələrə çevrilməsi prosesi dayanır.

Nəticədə bitkidə və onun meyvəsində toplanan mineral maddələr toksik maddələrə çevrilir. Toksik maddələrin isə insan beyninə mənfi təsiri elm tərəfindən sübuta yetirilib.


Musavat.com