Səbuhi Məmmədli Səbuhi Məmmədli

Şəkili qıza vurulan ingilis casusunun şok hekayəti

Səbuhi Məmmədli

Fəlakətlə bitən ailə dramı: bir şəhərdə yaşasalar da, 25 ildir görüşmürlər...


"Qızımın bağçada çoxlu rəfiqələri vardı. Onların analarıyla da mən rəfiqəydim. Həmin günü isə heç vaxt unutmayacam. (Kövrəlir) O gün Maşanı bağçadan götürəndə gördüm ağlayır. Elə bildim xəstələnib. Səbəbini soruşdum. Dedi ki, ana, heç kim mənimlə oynamaq istəmir. Təsəvvür edin, valideynlər uşaqlarına tapşırmışdılar ki, Qordiyevskaya ilə oynamayın. Bu, həyatımda aldığım ikinci ən böyük zərbə idi…"

***

…Tale onun atasını Moskvaya gətirib çıxarmışdı. Əslən Şəkidən olan Ağahüseyn Əliyev KQB zabiti idi. Bütün ömrü boyu da bu sistemdə çalışacaqdı. 1949-cu ildə onun ailəsində 4-cü uşaq dünyaya gəlmişdi. Ailənin sonbeşiyi və yeganə qızı Leyla.

KQB polkovniki Əliyevin qızı orta məktəbdə o qədər də fərqlənən şagird olmamışdı. Amma orta məktəbi bitirən kimi sənədlərini Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsinə verir. Həmin il müsabiqədən keçə bilmir. 17 yaşlı Leyla peşə məktəbinə üz tutur. Makinaçı ixtisası üzrə təhsil alır. O dövrün qaydalarına uyğun olaraq, iş stajı yığdıqdan sonra yenidən sənədlərini Jurnalistika fakültəsinə verir və bu dəfə qəbul olunur. Hələ tələbəlik illərində o dövrün ən populyar və tirajlı qəzetlərindən olan "Moskovskiy Komsomoles"də çalışır. Amma bir müddət sonra atası Leylanın xaricdə işləmək şansı olduğunu bildirir. Leyla da tərəddüd etmədən razılaşır. SSRİ Xarici İşlər Nazirliyində olan dostları Ağahüseyn Əliyevə təklif edirlər ki, Leyla bir müddət Dünya Səhiyyə Təşkilatının Kopenhagendə yerləşən Avropa ofisində işləsin. Bundan sonra onun hətta Amerikaya uzunmüddətli ezamiyyətə göndərilməsi də mümkün olacaq. Leyla 2 illik müqaviləylə Kopenhagenə yollanır.

Və…

Və şər şey də elə bu şəhərdə başlayır. Danimarkada, SSRİ-nin Kopenhagendəki səfirliyinin ucaboylu, yaraşıqlı konsulluq işçisiylə təsadüf nəticəsində tanış olmuşdu. Sovet konsulunun köməkçisi onun rəsmi vəzifəsi olsa da, əslində Oleq Qordiyevski KQB-nin Danimarkadakı rezidentinin müavini idi. Qordiyevski Moskva Beynəlxalq Münasibətlər İnstitutunu bitirmişdi. Elə təyinatını da KQB-nin Birinci İdarəsinə vermişdilər. 1966-cı ildə əvvəlcə Danimarkaya göndərilmiş, daha sonra isə Moskvaya, KQB-nin Mərkəzi Aparatına çağırılmışdı. O, Britaniya və Skandinaviya ölkələrinə kurasiya edən idarədə rəis müavini də təyin olunmuşdu.

1972-ci ildə Qordiyevskini yenidən Danimarkaya göndərirlər. Bu dəfə rezident kimi. Məhz elə Kopenhagendə ikinci dəfə çalışdığı zaman Qərb kəşfiyyatının toruna düşür. Britaniyanın kəşfiyyat xidməti "Mİ-6" ona nə az, nə çox 100 min funt sterlinqlik "sövdələşmə" təklif edir. Qordiyevski pulun qabağında duruş gətirə bilmir təbii. Və razılaşır. Beləliklə, 1974-cü ildən başlayaraq "Mİ-6"-ya işləməyə başlayır. Bu müddətdə onun ötürdüyü məlumatlar əsasında SSRİ-nin Avropanın əksər ölkələrində illərcə formalaşmış casus şəbəkəsi çökdürülür. Nəinki "Mİ-6"-ya, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə belə, SSRİ-nin casus fəaliyyəti göstərən onlarla agentinin adı məlum olur. Moskvada bu cür uğursuzluğu gözləmirdilər. Odur ki, Mərkəzi Aparat casusun kimliyinin axtarmağa başlayır.

1982-ci ildə Qordiyevski KQB tərəfindən Londona göndərilir. KQB-nin Londondakı rezidenturasında xidmət edir. Bütün bu müddətdə isə o, müntəzəm şəkildə Britaniya kəşfiyyatını KQB-nin Qərbdəki casus şəbəkəsinin tərkibi ilə ətraflı məlumatlandırır.
Təkcə bir faktı qeyd edək. 1984-cü ilin dekabrında Qorbaçovun İngiltərəyə səfəri zamanı onu bütün günü müşayiət edən 3 nəfərdən biri məhz Qordiyevski idi. Qorbaçovun və Sovet nümayəndə heyətinin öz aralarındakı bütün danışıqları bir saatdan sonra ingilis kəşfiyyatında olurdu. Sonradan məlum olacaqdı ki, bu sovet kəşfiyyatçısı Qorbaçovda o qədər gözəl xatirə buraxıb ki, sovet lideri ona Moskvada "layiqli vəzifə" verməyi də planlaşdırıbmış. Amma…

Amma artıq Qordiyevskinin izinə düşmüşdülər.

Bu məsələdə bir təsadüf də rol oynamışdı. Söhbət ondan gedir ki, KQB də, necə deyərlər, dinc dayanmırdı. KQB bu ərəfədə Mərkəzi Kəşfiyyat İdarəsinin yüksək rütbəli əməkdaşı Oldriç Eymsi ələ ala bilmişdi. Eyms isə hər şeyi açıb-tökmüşdü. Məhz onun məlumatları əsasında ingilis kəşfiyyatına işləyən bir neçə şəxsin adı məlum olmuşdu. Onlardan biri də Oleq Qordiyevski idi.

***

1985-ci ilin martında Qordiyevskini Moskvaya çağırırlar. Şübhələnməmək üçün onu inandırırlar ki, sənə general rütbəsi verilməlidir, bunun üçün isə mütləq Moskvaya gəlməlisən. Onu elə aeroportdaca həbs edirlər. Moskva ətrafındakı bağların birinə aparılan polkovnik, düz bir həftə gündə 8-9 saat sorğu suala çəkilir. Özü də psixotrop maddələrin təsiri altında. Amma lazımi ifadəni ala bilmirlər. Bağlı bir evdə daim bir neçə nəfərin nəzarətində olan KQB polkovniki hələ də heç kimə məlum olmayan tərzdə Britaniyanın Moskvadakı səfirliyinin əməkdaşlarına siqnal ötürür. Qordiyevski 1985-ci il iyulun 20-də həmin evi tərk edə bilir. Britaniya səfirliyinin maşınında Finlandiya sərhədinə gətirilir. Özü də maşının baqajında. Oradan isə Finlandiyaya keçirilir. Bu əməliyyatı detallarına qədər bilən MKİ-nin keçmiş əməkdaşlarından biri Antonio Mendesə bir dəfə belə bir sual vermişdilər:

"Deyin görək, Oleq Qordiyevskini ölkədən necə çıxardınız, diplomatik maşının yük yerindəmi?"

Cavabı belə olmuşdu:

"Yox, bu əməliyyatın detalları barədə hələ danışa bilmərəm. Axı bizim bu əməliyyatda istifadə etdiyimiz texniki fəndlərdən bir çoxundan hələ də istifadə edilir. Yeri gəlmişkən, Qordiyevskinin MKİ-yə dəxli yox idi, o, Britaniya kəşfiyyatının agenti idi. Qordiyevskinin ölkədən çıxarılması sxemini biz "qara eksfiltrasiya" adlandırırıq. Mən isə həmişə "kvazileqal" adlandırılan texnikaya üstünlük verirdim. Biz adamları xarici görkəmini dəyişdirməklə və saxta pasportlarla çıxarırdıq. Dünyanın bəzi digər xüsusi xidmət orqanlarının etdiyi kimi yeşiklərdə və ya çamadanlarda gizlətməklə deyil. Belə vəziyyətdə adam boğula bilər, onda panika başlayar. Lakin əlbəttə, mənim metodum tamamilə risklidir, bu zaman hər şey agentin özünü saxlamasından asılı olur".

Qordiyevski Finlandiyadan birbaşa Londona gətirilir. Onun Londonda açıqladığı ilkin məlumatlar əsasında Britaniya diplomat kölgəsi altında fəaliyyət göstərən onlarla KQB əməkdaşını ölkədən xaric edir.

1985-ci il noyabrın 14-də Moskva Şəhər Xalq Məhkəməsinin qərarı ilə Oleq Qordiyevski "vətənə xəyanət" maddəsi ilə təqsirli bilinərək, ölüm cəzasına məhkum edilir… Məhkəmə onun bütün əmlakının müsadirə olunması barədə də qərar verir.


***

...O, Leylaya ilk görüşdəcə vurulmuşdu. Amma evlənmək təklifi edə bilmirdi. Çünki ailəli idi. Oleqin boşanma prosesi bir ildən çox çəkir. Nəhayət, 1978-ci ilin dekabrında cütlük ailə qura bilir. 1980-ci ildə Mariya, 1981-ci ildə isə Anna adlı qızları dünyaya gəlir.
Ailə Londonda yaşayır. Oleq gizli agent olduğunu Leylaya deməmişdi. Elə sonradan Britaniya kəşfiyyatı tərəfindən sirli şəkildə Finlandiyaya qaçırılandan sonra Leyla həyat yoldaşının itkin düşdüyünü fikirləşir. Ərinin zənglərə cavab verməməsi, onunla əlaqə saxlamamasına görə narahatlıq keçirir. Leyla bir də Oleqdən 6 ay sonra xəbər tutur. Sovet məhkəməsi Oleq Qordiyevski barədə vətənə xəyanət maddəsi ilə ölüm hökmü çıxardanda. Özü də radiodan.

Leylanın müsahibəsindən:

"Mən şokdaydım. Təsəvvür edin, tam nəzarətə götürülmüşdüm. 7-8 nəfər daim məni izləyirdi. Evimiz nəzarətdə idi. Məni heç hara işə götürmürdülər. Qızlarımı bağçada gözümçıxdıya salmışdılar. JEK-dən uşaqlarıma görə nəzərdə tutulan ərzaq talonunu belə kəsmişdilər. Pulsuz qalmışdıq. Mən və qızlarım ancaq atamın pensiyası hesabına yaşayırdıq. Bir yandan da Oleqin 80 yaşlı anası. Yazıq arvadı poliklinikada təhqir etmişdilər ki, vətən xaininin anasıdır. Dərman ala bilmirdi. Sonra ağlamaqdan gözləri tutuldu. Ondan isə xəbər yox idi. Nəyə görə, kimə, harada xəyanət edib, heç nə bilmirdik".

Leyla Oleqdən bir də 2 il sonra xəbər tutur. Ondan məktub alır. Məktub əvvəlcə Britaniyanın Moskvadakı səfərliyinə gəlmiş, oradan isə sovet XİN-ə verilmişdi. Daha sonra Leylaya. Məktubda Oleq hansısa intriqaların qurbanı olduğundan yazırdı. Uşaqları üçün darıxdığını deyirdi.

KQB-də isə sorğu-sualları ara vermirdi. Onlar Leyla Əliyevanın ərinin qaçışında iştirak edib-etmədiyini müəyyən etməyə çalışırdılar. O isə israrla ərinin əməllərindən xəbərsiz olduğunu bildirirdi.

Londonda yaşayan Oleq Qordiyevski bütün bu müddət ərzində ailəsi ilə əlaqə saxlamağa çalışsa da, mümkün olmur. Nəhayət, 1990-cı ilin sentyabrında Leylaya zəng edə bilir. Oleq onları Londona çağırırdı. Sovet rejiminin bir qədər yumşalması da bu məsələdə az rol oynamır. 1991-ci ilin noyabrında Leylaya qızları ilə bərabər Londona getməyə icazə verilir.

Leyla deyir ki, Londona uçmamışdan əvvəl telefonla Oleqlə danışıb.

"Mən onu xəbərdarlıq etdim. Bildirdim ki, qızlarının "ata" qışqırıb onun qucağına tullanacağını fikirləşirsə, səhv edir. Londona isə ona görə gəlir ki, ona deyiləsi sözləri var. Düz gözünün içinə baxıb deyiləsi sözləri…"

"Hitrou" aeroportunda Leylanı və qızları jurnalist ordusu qarşılayır. Onları mehmanxanaya aparılar. İki gün jurnalistlərin ərindən Oleqlə əməlli söhbət də edə bilmir. Nəhayət, üçüncü gün onlar baş-başa qalırlar.

Leyla bircə kəlmə deyir: "Niyə belə elədin?"

Oleq sadəcə susur. Və Leyla bu dəfə Qordiyevski familiyasından imtina edəcəyini deyir.

Oleq səbəbini soruşur. "Boşanıram. Mən bu soyadla yaşayammaram".

1992-ci ilin martında onlar rəsmən boşanırlar. Boşanma şərtlərinə görə, Oleq Qordiyevski ümumi əmlakının yarısını və Britaniya kəşfiyyatına uzun illər işlədiyi üçün aldığı aylıq 2,5 min funt-sterlinq təqaüdün dördə üç hissəsini həyat yoldaşına ödəməli idi.

Leyla Əliyeva öz qızlıq soyadına qayıdır. Hazırda Londonun cənubunda yaşayan Əliyeva tez-tez qohumlarının və dostlarının yaşadığı Moskvaya, Bakıya, Şəkiyə gedib gəlir.

Böyük qızları Mariya London Universitet kollecinin slavyanşünaslıq fakültəsini bitirir. Kiçik bacısı Anna isə Oksfordu.

Elə Oleq də hazırda Londonda yaşayır. Bir şəhərdə yaşasalar da, az qala 25 ildir ki, görüşmürlər. Ya da görüşmək istəmirlər. Nə qızları, nə də Leyla…

Lent.az