Sərhəddə 486 kq narkotik tutuldu - Fotolar

Azərbaycan gömrükçüləri əməliyyat məlumatı əsasında külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.


Dövlət Gömrük Komitəsindən AzNew.az-a verilən məlumata görə, Azərbaycan Respublikası vətandaşı Tağıyev Hacıbala Əliməmməd oğlu idarə etdiyi "DAF" markalı 90 ZV 438/99 ZC 154 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasından "tranzit" qaydada keçməklə tranzit yük gömrük bəyannaməsi ilə bəyan edilən 17800 kq çəkidə "kişmiş" yükünü İran İslam Respublikasından Ukraynaya apararkənhəmin nəqliyyat vasitəsi Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun terminalındakı "HCVC 6032" markalı stasionar-rentgen qurğusundan keçirilən və "kişmiş" yükünün arasında əks olunan görüntüdəki qaraltılar şübhə doğurduğundan yükə fiziki baxış keçirilməsi qərara alınıb.

Avtomaşının yük yerinə keçirilən baxış zamanı orada olan 1800 ədəd "kişmiş" yüklü karton qutuların arasında yük yerinin orta hissəsindəki 114 ədədinin daxilində kişmişlərin altında sellofan paketə qablaşdırılan, üzərilərinə qırmızı istiot səpələnən, dördkünc formalı bağlamalarda ağ, sarımtıl rəngli, spesifik qoxuya malik narkotik maddə olan heroin aşkar olunub. Daha sonra həmin bağlamalar hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilən və qablaşdırma ilə birlikdə ümumi çəkisinin 486 kq 698,88 qram olduğu məlum olub.

Faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.