Pensiyaçıların rahat həyat yaşamaları naminə Pensiyaçıların rahat həyat yaşamaları naminə

Əhalinin rifah halı və “üzə gülən” pensiya

Pensiyaçıların rahat həyat yaşamaları naminə


Pensiyaçıların rifahının yaxşılaşdırılması dövlətin daim diqqət mərkəzində olub. Mərhələli şəkildə həyata keçirilən islahatlar vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasına böyük təkan verib. "2014-2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası"nın təsdiqi isə bu sahədə atılan ən mühüm addımlardandır.

Artıq Konsepsiya pensiyaçıların həyatına bir başa müsbət təsir etməkdədir. Medianın bu təbəqənin təmsilçiləri arasında keçirdiyi sosialoji sorğular pensiyaçıların islahatlardan razılıq etdiklərini açıq göstərir. Bununla yanaşı, iqtisadçı ekspertlər də pensiya təminatı sahəsində islahatların nəticələrinə diqqət çəkir, ödənişlərin hər il artırılmasını önəmli hadisə kimi qeyd edirlər.



Ekspert Rəşad Həsənov Konsepsiyanın pensiya təminatının maliyyə dayanıqlılığının möhkəmləndirilməsi istiqamətində baza rolu oynadığını bildirib. R.Həsənov hesab edir ki, Konsepsiya sığorta pensiya fondunun özü-özlüyündə maliyyə təminatını formalaşdırmağa və dövlət büdcəsindən asılılığı azaltmağa şərait yaradır. Hazırda ödənilən sığorta haqqının 50 faizi vətəndaşın gələcəkdə pensiya məbləğinin formalaşdırılmasında iştirak etmir. Konsepsiya tərəfindən irəli sürülən tələblərdən biri də bu problemin tam aradan qaldırılması və vətəndaşın ödədiyi sığorta məbləğinə adekvat olaraq gələcəkdə pensiya məbləğiylə təmin edilməsidir. Üçüncü istiqamət, yaşla bağlıdır. Dünya təcrübəsinə görə, bir neçə il və ya müəyyən edilmiş məbləğ həcmində sığorta ödənişi həyata keçirmiş vətəndaş öz istəyi ilə pensiyaya çıxa bilər: "Düşünürəm ki, Azərbaycandada artıq bu istiqamətdə işlər başlayıb. Böyük ehtimalla, Konsepsiyanın icrası müddətində pensiyaçıların bu istəyi təmin olunacaq".

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25 yanvar 2016-cı ildə "Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" imzaladığı Sərəncam əhalinin pensiya təminatında növbəti uğurlu addım oldu. Sərəncam 2015-ci il üzrə istehlak qiymətləri indeksinə uyğun olaraq, 2016-cı il yanvarın 1-nə kimi olan bütün növ əmək pensiyalarının sığorta hissəsinin artırılmasının təmin edilməsini nəzərdə tutur. Həmçinin, fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində toplanmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsinin həyata keçirilməsini özündə əks etdirir.

İqtisadçı ekspert R.Həsənov indeksləşdirmənin inflasiyaya təsirlərinin aradan qaldırılması və pensiya təminatının müdafiəsində önəmli rolu oynayacağını vurğulayır: "2016-cı il və 2017-ci ilin əvvəlində indeksləşdirmə həyata keçiriləcəksə, pensiya təminatı 15-20 faiz də gücləndiriləcək. Doğrudur, burada devolvasiyanın mənfi təsirləri var və qiymətlərin bahalaşması daha sürətlə gedir. Lakin bu sistemin olması, pensiya təminatının müdafiəsini artırır".



Prezident İlham Əliyevin "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" 2016-cı il yanvarın16-da imzaladığı sərəncamı , pensiyaçıların rifah halının yüksəldilməsinə böyük töhfədir. Sərəncama əsasən, yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edildi. Neftin qiymətinin ucuzlaşdığı, manatın devolvasiyaya uğradığı bir zamanda imzalanan Sərəncam Prezidentin pensiyaçılara olan diqqətinin nümunəsidir. Yanvar ayının 18-də iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirilən müşavirdə Azərbaycan Prezidenti pensiyaların və əmək haqqlarının artırıldığından danışarkən bildirib ki, ölkəmizdəki islahatlar neftin qiymətinin düşməsindən əziyyət çəkən ölkələrin böyük əksəriyyətində yaşanmır: "Məndə məlumat yoxdur ki, hansısa bir ölkə indiki böhran şəraitində əmək haqlarını, pensiyaları qaldırsın. Bu, çox ciddi sosial addımdır. Bu, bizim güclü sosial siyasətimizin təzahürüdür. Təşəbbüsü reallaşdırmaq üçün dövlət büdcəsindən 100 milyonlarla manat vəsait xərclənəcəkdir".

Prezident İlham Əliyev regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda iştirakı zamanı söylədiyi nitqində də böhran vəziyyətində sosial siyasətə göstərilən diqqətdən bəhs edib: "Qlobal böhran şəraitində digər ölkələrdən fərqli olaraq, müvafiq sərəncamlarımızla əməkhaqqı, pensiya və müavinətlərin artırılması və digər sosial tədbirlər insanlara dövlət səviyyəsində göstərilən qayğının ən bariz göstəriciləridir".



Milli Məclisin Əmək və Sosial Siyasət komitəsinin sədri Hadı Rəcəbli
Azərbaycanda pensiya islahatlarının ardıcıl olaraq 25 ildir uğurla aparıldığı qənaətindədir. Onun sözlərinə görə, Elektron hökumətin elementlərindən olan avtomatlaşdırmanın tətbiqi pensiya haqqlarını hesablamaqda vətəndaşlara geniş xidmət göstərir. Pensiyanın baza və sığorta hissəsi müəyyənləşdirilib. İldə bir dəfə sığorta sistemi inflyasiyaya uyğun olaraq indeksasiya olunur. Pensiyanın baza hissəsini Prezident müəyyənləşdirir: "Bunlar hamısı insanların pensiya təminatının yaxşılaşdırılmasına yönələn addımlardır. Gələcəkdə özəl pensiyanın inkişaf etdirilməsi haqqında fikirlər var. Bu gün Dövlət Sosial Müdəfiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə birləşdirilməsi bunun vahid sistem kimi formalaşdırılmasına xidmət edəcək. Gələcəkdə bu sistem daha da inkişaf etdiriləcək".

Cari ilin yanvar ayının 1-nə olan statistikaya əsasən Azərbaycanda əmək pensiyası alan 1 295 900 nəfər var. Onlardan 60,1 faizi yaşa, 28,9 faizi əlilliyə, 11,0 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır.



Bizimlə söhbətində pensiyaçı Lətifə Orucəliyeva da son illərdə aparılan islahatlardan razılığını bildirir: "Son vaxtlar bahaçılıq bizi də narahat edirdi. Ancaq Prezidentin pensiyaların artırılması üçün verdiyi qərar üzümüzü güldürdü. Bu qərara görə Prezidentə təşəkkür edirəm. Düzdür övladım var, tək dolanışığım pensiyadan asılı deyil. Ancaq heç kəsə möhtac olmadan yaşaya bilmək gözəldir".

Pensiya təminatı sistemində aparılan islahatın əsas məqsəd və vəzifələrini sadalayaq:
Məqsəd:

- Pensiya təminatı sisteminin cari, ortamüddətli və uzunmüddətli dövr üzrə maliyyə dayanıqlılığına nail olunması;
- Pensiya təminatının vətəndaşların sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməsi.

Vəzifə:
- Pensiya təminatı sisteminin fəaliyyətində sığorta prinsiplərinin gücləndirilməsi və qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında balanslaşdırma mexanizmlərinin formalaşdırılması;
- Pensiya təminatı sistemində təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi;
- Pensiya təminatı sisteminin uzunmüddətli inkişafı üçün aktuar təhlillərə əsaslanan mexanizmlərin formalaşdırılması;
- Sığorta prinsiplərinə uyğun olmayan ödəmələrin tənzimlənməsi mexanizmlərinin təkmilləşdirilməsi, o cümlədən bir sıra öhdəliklərin dövlət öhdəliyi kimi fərqləndirilməsi;
- Əmək pensiyalarının könüllü yığım komponentinin real praktikada tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi.

Məqsəd aydın, vəzifə dərkedilən olanda yol uğura aparır. Konsepsiyanın bütün detalarına qədər tətbiqi, bir qədər obrazlı desək, pensiyaçıların həyatlarından zövq almalarına hesablanıb. Hesablama əvvəldən düzgün aparılırsa, rahatlıq qazanmaq qaçılmaz olur.

Aydan Axundova

Yazı Dövlət Sosial Müdafiə Fondunun "Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir" mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur