- Siyasi müzakirə
- 20 Oktyabr 20:34
- 1 607
“Trampın bəyanatı HƏMAS-a yönəlik xəbərdarlıq mesajıdır” - Həşim Səhrablı

"Trampın HƏMAS-la bağlı indiki açıqlamaları sadəcə formal bəyanatdan başqa bir şey deyil. Çünki ABŞ rəsmiləri, istər Donald Tramp dövründə, istərsə də Co Baydenin prezidentliyi zamanı, xüsusilə də 2023-cü ilin oktyabr hadisələrindən sonra dəfələrlə HƏMAS-ı tamamilə məhv edəcəklərini, təşkilatı dağıdacaqlarını və Qəzzada HƏMAS-sız bir idarəetmə quracaqlarını bəyan ediblər. Lakin ötən iki il ərzində nə ABŞ-ın, nə İsrailin, nə də onların müttəfiqlərinin HƏMAS-a qarşı siyasətində bu istiqamətdə real nəticə əldə olunduğunu görmək mümkün olmayıb. Əgər ABŞ HƏMAS-la bağlı planlaşdırdığı addımları tam şəkildə həyata keçirə bilsəydi, bu günə qədər onun nəticələri aydın görünərdi".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında atəşkəsin pozulması məsələsini araşdıracağını və bununla bağlı lazımi addımlar atacağını bildirib. Floridadan Vaşinqtona qayıdarkən jurnalistlərə danışan Tramp qeyd edib ki, məqsəd HƏMAS-la bağlı problemi sülh yolu ilə həll etməkdir. Onun sözlərinə görə, atəş açılması hadisəsi bəlkə də HƏMAS rəhbərliyinin deyil, daxildəki narazı qrupların işidir. ABŞ lideri məsələ ilə bağlı növbəti addımların hazırda nəzərdən keçirildiyini əlavə edib.
Siyasi şərhçinin fikrincə, bu, ABŞ-ın HƏMAS qarşısında zəif olması və ya hərbi gücünün çatmaması anlamına gəlmir.
"Əksinə, ABŞ kifayət qədər hərbi və texnoloji potensiala malikdir. Sadəcə Vaşinqton qlobal arenada dəyişən reallıqların, artan münaqişələrin və geosiyasi gərginliyin fərqindədir. O, anlayır ki, indi Qəzzada genişmiqyaslı hərbi əməliyyatlara başlamaq və özünü dünyaya aqressor kimi göstərmək ABŞ-ın maraqlarına uyğun deyil. Bu səbəbdən Trampın açıqlaması HƏMAS rəhbərliyinə yönəlmiş bir mesaj xarakteri daşıyır: “Biz sizi məhv edə bilərik, amma hazırda bunu etmirik. Əvəzində bizim şərtlərimiz və maraqlarımız nəzərə alınmalıdır.” HƏMAS tərəfi isə, ehtimal ki, ABŞ-ın “sülh çağırışları”na cavab verməyə yönəldilir. Bu bəyanatın mahiyyəti bundan ibarətdir və onun ABŞ-ın Yaxın Şərq siyasətində yeni mərhələnin başlanğıcı olduğunu söyləmək çətindir. Vaşinqton belə bir mərhələ başlatmaq istəsə də, bunu reallaşdırmaq asan deyil. Çünki Yaxın Şərqin siyasi mənzərəsi artıq nə Səddam Hüseyn dövrünə, nə 1990-cı illərə, nə də Soyuq Müharibə dövrünə bənzəyir. Regiondakı qüvvələr nisbəti xeyli bərabərləşib. HƏMAS–İsrail qarşıdurması əslində daha geniş bir rəqabətin – İsrailə dəstək verən Qərb ölkələri ilə HƏMAS-ı müdafiə edən Çin, Rusiya, İran və Türkiyə kimi dövlətlər arasında geosiyasi mübarizənin – bir hissəsidir. Hər bir tərəfin öz maraqları var və bu, danılmaz faktdır. Lakin həm Çin, Rusiya, İran, həm də Türkiyə anlayır ki, Yaxın Şərqdə yalnız öz maraqları naminə hərəkət etmək artıq mümkün deyil. Eyni zamanda ABŞ da, dünyanın ən güclü dövləti olmasına baxmayaraq, mövcud siyasi və iqtisadi reallıqlar fonunda təkbaşına bu regionda həlledici rol oynamaq imkanına malik deyil".
Rəfiqə Namazəliyeva,
AzNews.az