AzTV sədri jurnalistdən cərimə istədi - 100 min

Sədr A. Alışanov rəhbərlik etdiyi telekanalı tənqid etdiyinə görə professor Q. Məhərrəmliyə cinayət işi açılması barədə iddia ilə kifayətlənməyərək, həm də ayrıca mülki qaydada dəymiş ziyanın ödənilməsini istəyib.


Bununla bağlı Nəsimi rayon məhkəməsinə müraciət edən A. Alışanov məlum müsahibədə şərəf və ləyaqətinin təhqir olunduğunu bildirib və Mülki Məcəllənin 23-cü maddəsinə uyğun olaraq Q. Məhərrəmlinin cərimə olunmasını istəyib. Jurnalistdən 100 min manat tələb edən AzTV sədr ərizəsində bu pulun Körpələr evinə verəcəyini göstərib. Nəsimi rayon məhkəməsində mülki iddia faktını təsdiqləyərək, artıq işlə bağlı hakim E.Hümbətovun sədrliyi ilə hazırlıq iclasının keçirildiyini də bildiriblər.

Məhkəmədə Q. Məhərrəmlini təmsil edən hüquqşünas Nicat Gözəlov əməkdaşımıza AzTV sədrinin hər iki iddasının tam əsassız olduğunu və adı çəkilən müsahibədə məhkəməlik heç bir məqamın yer almadığnı deyib. O, 100 min manat cərimə iddiasını isə reallığa uyğun olmayan istək adlandırıb. Eyni fikri bölüşən Media Hüquqları institutunun direktoru Rəşid Hacılı bir müsahibə ilə bağlı məsələnin bu qədər böyüməsinə təəssüf etdiyini bildirib. O deyib ki, bir ciddi media qurumunun rəhbəri olan şəxs bu ittihamların, nəinki perspektivsiz olduğunu bilməli, həm də belə yersiz iddiaların məhz jurnalistlərin təməl hüqüqlarına, ifadə azadlığına, tənqid azadlığına təhlükə olduğunu anlamalıdır.

AzTV sədrinin iri rəqəmlərlə danışmaq tərzinə yumorla yanaşan professor Q. Məhərrəmli isə bildirib ki, mən Alışanovun peşəkarlıq bağlı müəyyən problemləri olduğunu bilirdim, amma görünür, həm də maddi problemləri var imiş. Deyəsən, bu adam mənim maaşımın hesabına xeyriyyəçi olmaq istəyir, pulu da uşaq evinə verəcəkmiş. Mən bir neçə telekanala rəhbərlik edən bu adama xatırladıram ki, əvvəla artıq 7-8 ildir heç bir uşaq müəssisəsi, o cümlədən ölkədəki iki körpələr evi kənardan yardım qəbul etmir, yəni xərcləri dövlət özü ödəyir. İkincisi, xeyriyyəçilik həvəsinə düşən adam zəhmət çəkib öz kisəsinin ağzını açmalıdır. Üçüncüsü isə AzTV sədri üçün indi ən böyük xeyriyyəçilik işçilərə normal maaş vermək, dövlətin büdcədən ayırdığı qonorar və quruluş haqqını kəsməmək olardı.

Ölke.az