Əkrəm Əylisliyə qarşı - İttiham elan edildi

Yazıçı Əkrəm Əylisliyə qarşı ittiham elan edilib.


Bu barədə vəkil Elçin Sadıqov "facebook" sosial şəbəkəsində status yazıb. Onun sözlərinə görə, bu gün yazıçı Əkrəm Əylisli ilə onun hüquqlarının müdafiəsi üçün müqavilə bağlayıblar: "Daha sonra müstəntiqin çağırışı ilə Hava Nəqliyyatında Polis İdarəsinin istintaq bölməsinə getdik. Əkrəm Əylisli əvvəlcə şübhə edilən şəxs qismində, daha sonra isə təqsirləndirilən şəxs qismində cəlb edildi və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsilə ittiham elan edildi. İttihamın qısa mahiyyəti ondan ibarətdir ki, Əkrəm Əylisli 30 mart 2016-cı il tarixdə ictimai qaydanı pozub, söyüşlər söyüb, DSX-nin əməkdaşı, 15.09.1981-ci il təvəllüdlü Seyidov Nihal Azər oğlunun döş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə birinə zərbə vurub. Zərbə nəticəsində Seyidov Nihal Azər oğlunundöş qəfəsinin sağ yarı hissəsinin yuxarı üçdə biri hissəsində 3,0X2,5 ölçüdə soğlun göymütül qançır yaranıb.
Əkrəm Əylisli ittihamları qəbul etmədiyini, heç kəsə qarşı təhqir və fiziki zor tətbiq etmədiyini, belə hərəkətləri etməyə yaşının, fiziki durumunun və mənəvi durumunun imkan vermədyini, cinayət işinin onun yazıçı fəaliyyəti ilə bağlı olduğunu bildirdi. İstintaq hələ davam edir" .

Qeyd edək ki, Ə. Əylisli martın 30-da Heydər Əliyev Hava Limanında saxlanılıb. Daha sonra isə sərbəst buraxılıb.