Mənzillərə niyə “kupça” verilmir?

İstər fərdi tikililərdə , istərsə də yeni tikilən çoxmərtəbəli binalarda yaşayan vətəndaşların mənzillərin dair mülkiyyət haqqında sənəd ala bilməməsi problemi bu gün də aktualdır.


Bununla bağlı zaman-zaman şikayətlər daxil olur. Hətta redaksiyamızın yeni tikililərdə mənzili olan bir neçə əməkdaşı da 10 ilə yaxındır mənzillərinə el dili ilə desək, "kupça" ala bilmirlər. Bəs Əmlak Komitəsi tərəfindən verilməli olan bu sənədlərin vətəndaşlardan əsirgənməsinin səbəbi nədir?

İddialar var ki, xüsusən MTN olaylarından sonra mənzillərə mülkiyyəti təsdiq edən sənədlərin verilməsi dayandırılıb.

Məsələ ilə bağlı ekspertlərin və aidiyyəti dövlət qurumunun rəyi öyrənilib.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov problemin daha çox yeni tikilən binaların Dövlət qəbul Komissiyasından keçməməsi ilə bağlı olduğunu bildirdi: "Mənzil təkrar alqı-satqı əməliyyatına cəlb olunubsa, o zaman "kupça" ASAN xidmətdən alınır və burada heç bir problem yaşanmır. Əsas problem mənzillərin ilkin qeydiyyatı zamanı yaşanır. Vətəndaşlar onu nəzərə almalıdırlar ki, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə müraciət edəndə hansı sənədlər əllərində olur. Məsələn, qanunsuz bir yerdə gedir ev tikir və sonra Əmlak Komitəsinə gedib sənəd tələb edir. Komitənin isə ona sənəd verməyə ixtiyarı yoxdur. Çünki torpaq sahəsini vətəndaş alqı-satqı yolu ilə bələdiyyədən ala bilər. Əgər bu sənədlər əlində varsa, Əmlak Komitəsindən "kupça" ala bilər. Sənədləri qaydasında olan adamın Əmlak Komitəsində incidilməsi hallarına mən demək olar ki, rast gəlməmişəm. Yeni tikilən çoxmərtəbəli binalardan yaşayan vətəndaşların "kupça" ala bilməməsinin səbəbi isə odur ki, həmin binalar Dövlət Qəbul Komissiyasında istismara qəbul olunmayıb. İstismara qəbul aktı olandan sonra Əmlak Komitəsinin heç bir ixtiyarı yoxdur ki, vətəndaşa sənəd verməsin. Binanın istismara qəbul aktı olmalıdır ki, orada yaşayan vətəndaşlar da mənzillərini sənədləşdirə bilsinlər".

Ekspertin sözlərinə görə, problemin günahı Əmlak Komitəsində deyil, həmin binanı tikən şəxslərdədir ki, vaxtında sənədləri alsınlar, binanın təhvil-təslimi eləsinlər: "Sahibkarlar, binanı tikirlər, satırlar, pullarını da cibinə qoyub yoxa çıxırlar. Çox binalarda vəziyyət bu cürdür. Bəzən vətəndaşlardan pul da yığılır ki, binanın istismara qəbul aktı alınsın. Ancaq vətəndaş pul verməməlidir. Binanı tikən şirkətin borcudur ki, onu Dövlət Qəbul Komissiyasına təhvil versin. Bina təhvil verilməyibsə, istismara qəbul olunmayıbsa, vətəndaşın "kupça" almaq haqqı yoxdur. Vətəndaşlar yığışıb yerli icra orqanlarına müraciət edə bilərlər, məhkəmələrə müraciət edə bilərlər və sair. Həmin mənzillərə qaz verilməməsinin də səbəbi budur. Bina istismara qəbul olunmayıbsa və binada ən azı 30 faiz yaşayış bərpa olunmayıbsa, oraya qaz verilməsi də mümkün deyil".

ƏMDK-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, qanunvericiliyə uyğun olaraq mülkiyyət haqqında sənədin verilməsi üçün heç bir problem yoxdur: "İstənilən vətəndaşın sənədləri Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında qanunun tələblərinə cavab verirsə, onları toplayıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edə bilərlər. Qanunvericiliyə görə, müəyyən olunmuş müddətdə onlara hazır şəkildə sənədlər təqdim olunacaq. Yəni biz bununla bağlı kütləvi çıxarış kompaniyası da keçiririk, Bakı şəhərində yeni tikilmiş binalara da çıxarışlar veririk. Vətəndaşların şikayəti bizdən yox, digər qurumlardan , eləcə də Mənzil Tikinti Koperativlərindən ola bilər ki, onlar vətəndaşlara sənədləri vaxtında təhvil vermirlər, vətəndaşlara əsassız tələblər irəli sürürlər".

Q.Xəlilov qeyd etdi ki, mənzilin mülkiyyət haqqında sənədinin verilməsi üçün binanın istismara qəbul aktı da olmalıdır: "Bütün bu sənədlər bizə təqdim olunandan sonra, biz də heç bir problemsiz vətəndaşlarımıza bu sənədləri veririk. Yalnız dövlət rüsumu və xidmət haqqı banklar vasitəsilə ödənir. Əksər binalarda "kupça"ların verilməməsi həmin binaların Dövlət Qəbul Komissiyasından keçməməsi ilə bağlıdır. İstismara qəbul aktı olmadan biz mənzillərə çıxarış verə bilmirik. O problem bizim problem deyil. Biz sənədləri qaydasında olan vətəndaşlara kütləvi qaydada sənədlərini mənzillərinə aparıb yerindəcə veririk".

musavat.com