Azərbaycan-İran sərhədində dəmiryolu körpüsünün - Təməli qoyuldu

Azərbaycan prezidenti İlham Əliyevin İrana sonuncu səfəri çərçivəsində imzalanmış Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi haqqında Hökumətlərarası Çərçivə Sazişinə və Azərbaycan-İran dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün tikintisi haqqında müqaviləyə uyğun olaraq, aprelin 20-də Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub.


Təməlqoyma mərasimində Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi, eləcə də Azərbaycan və İranın aidiyyəti qurumlarının yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Ş. Mustafayev və "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan ərazisində Astara dəmir yolu stansiyasından İranın sərhədinə kimi olan 8,3 km-lik yolda aparılan işlərlə tanış olub, yolun torpaq yatağına baxıblar. Hazırda ərazidə 100-ə yaxın texnika işləyir. Əraziyə 20 min kubmetr qum, 17 min kubmetr daş, 30 min kubmetr çınqıl gətirilib.

Tədbirdə çıxış edən Ş. Mustafayev Azərbaycan-İran əlaqələrinin bütün sahələrdə sürətlə inkişaf etdiyini, möhkəm təməllər üzərində qurulan çoxşaxəli münasibətlərin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini vurğulayıb. Nazir bildirib ki, ölkələrimiz arasında əlaqələrin inkişafında dövlət başçılarının siyasi iradəsi, eləcə də qarşılıqlı səfərləri və keçirilən görüşləri mühüm rol oynayır.

APA.az