Nərimanovda Zərifə Əliyevanın 93 illiyi qeyd edildi - Fotolar

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar Nərimanov rayonunda təşkil olunan silsilə tədbirlər çərçivəsində rayon ərazisində yerləşən Zərifə Əliyeva adına uşaq bağçasında Heydər Əliyev Fondunun təşkilatçılığı ilə anım tədbiri keçirilib.



Rayon rəhbərliyi, Milli Məclisin deputatları, nazirlik, komitə və təşkilat rəhbərlərinin qatıldığı tədbiri giriş sözü ilə açan Zərifə Əliyeva adına uşaq bağçasının müdiri Sevinc Mustafayeva qayğıkeş insan, böyük ziyalı, sədaqətli həyat yoldaşı, gözəl ana kimi xatırlanan, bütöv və hərtərəfli şəxsiyyətində, zəngin elmi fəaliyyətində işıqlı keyfiyyətləri yüksək səviyyədə yaşatmış, möhkəmlətmiş görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın mənalı ömür yolundan danışıb, bu yolun qiymətli nümunəyə çevrilərək həyatında və fəaliyyətində elmin işığına, işığın elminə sədaqətli olan yeni-yeni ziyalı nəsilləri üçün örnək olduğunu bildirib, Azərbaycan təbabət elminin böyük alimin elmi xidmətlərini və kəşflərini yüksək səviyyədə qəbul etdiyini, onun göz xəstəliklərinə dair təliminə yiyələnmiş yeni nəsillərin bu əvəzolunmaz alimin işıqlı elmi ideyalarını ayrı-ayrı ölkələrə yaydığını nəzərə çatdırıb.

Daha sonra çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısı Abdin Fərzəliyev qeyd edib ki, akademik Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırıb. Dünya oftalmoloqları ən görkəmli azərbaycanlı alim, akademik Zərifə xanım Əliyevanı öz sıralarında görmüş, onu bu elmin ön cərgəsində qəbul ediblər. O, elmi-pedaqoji fəaliyyətində təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyərək, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsi və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yazdığı fundamental əsərlər nəinki Azərbaycan, eləcə də dünya tibb elminin tarixində yeni səhifələr açıb, əsərləri, elmi monoqrafiyaları bu gün də öz aktuallığını itirmir.

Qeyd olunub ki, fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, insanlara və onların problemlərinə göstərdiyi qayğı, fəal həyat mövqeyi Zərifə xanım Əliyevanı hər kəsə sevdirib, onu gələcək nəsillər üçün əsl nümunəyə çevirib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı insanlıq üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan,tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşayan, həyatının mənasını nəcib, xeyirxah əməllərdə taparaq bütövlükdə xalqının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr vermiş zəngin mənəviyyat sahibi olan və gördükləri işlərlə təkcə yaxın çevrəsinin - dostlarının, yaxınlarının deyil, el-obasının sevimlisinə çevrilərək bütövlükdə cəmiyyətin tükənməz rəğbətini qazanmış Zərifə xanım Əliyevanın qədirbilən xalqımızın qəlbində əbədi yaşayacağını, daim dərin ehtiramla, rəğbətlə anılacağını diqqətə çatdırıb.

Tədbirin bədii hissəsində Zərifə xanım Əliyevanın mənalı ömür yolunu və zəngin elmi yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib. Bağça uşaqlarının və əməkdaşlarının ifasında səslənən akademik Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər onun parlaq obrazını göz önündə canlandırıb.