İlqar Məmmədov Milli Məclisə seçilmək hüququnu itirdi

“İlqar Məmmədov Milli Məclisə ə seçilmək hüququnu itirib”.


Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Şahin Əsədli bildirib.

REAL Hərəkatının sədri İlqar Məmmədovun 90 saylı Ağdaş seçki dairəsindən namizədliyini irəli sürməsi barədə danışan Ş. Əsədli deyib ki, Azərbaycan vətəndaşlarının qanunvericilikdə nəzərdə tutulan aktiv və passiv seçki hüquqları var: "Aprelin 25-də İlqar Məmmədovun namizədliyinin irəli sürülməsi ilə bağlı sənədlər 90 saylı Ağdaş Dairə Seçki Komissiyasına təqdim edilib. DSK operativ qaydada bu sənədlərə baxıb, digər seçki subyektləri kimi ona da müvafiq kömək göstərilib".

Aprelin 28-də İlqar Məmmədovun deputatlığa namizədliyinin irəli sürülməsinin təsdiq olunduğunu deyən Ş. Əsədli inun nümayəndələrinə imza vərəqələri, müvafiq seçki sənədləri təqdim edildiyini bildirib: "Buna qədər İlqar Məmmədovun passiv seçki hüququ olub. Aprelin 29-da Şəkli Apellyasiya Məhkəməsinin İlqar Məmmədov barəsində hökm qüvvəyə minib. Seçki Məcəlləsinin 13.3.1-ci maddəsinin tələbinə əsasən İlqar Məmmədov passiv seçki hüququnu itirib".

APA.az