Jurnalistlərin başına 2 ton su töküldü

Türkiyənin Bursa şəhərində meşə yanğınlarının söndürülməsinə cəlb edilən yanğınsöndürən helikopter hədəfi səhv salıb.


Helikopter göldən götürdüyü suyu alovun əvəzinə müxbirlərin və yanğınsöndürənlərin üzərinə töküb.

2 ton suyun altında soyuq duş qəbul edən əməkdaşlar qaçmağa yer tapa bilməyərək tamamilə islanıblar.

Mərkəzi Osmanqazi rayonu Uludağ yolundakı meşə sahəsində yanğının hələ ki başvermə səbəbi bilinmir. Yanğın qısa müddət ərzində geniş bir ərazini əhatə edib. Otların da alışması ilə sürətlə böyüyən yanğının söndürülməsinə 3 yanğın söndürən maşın cəlb edilib.

Lakin küləyin təsiri ilə böyüməkdə olan yanğının söndürülməsində çətinlik çəkən yanğınsöndürənlər bölgəyə cəlb edilən helikopterlər vasitəsilə yanğının qarşısını alıblar.

Helikopter qalan közlərdən alovun yenidən böyüməməsi üçün ikinci dəfə yanğın baş verən əraziyə 2 ton su boşaltmaq istəyib. Lakin bu dəfə o, jurnalistləri suya qərq edib.

Anspress.com