AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları nekroloq yayıblar. AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları nekroloq yayıblar.

Dünyasını dəyişən xanım professor üçün - Nekroloq

AMEA Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşları nekroloq yayıblar.


AzNews.az xəbər verir ki, nekroloqda deyilir:

-Azərbaycan dilçilik elminə böyük itki üz vermişdir. Yüzlərlə yetrməsi olan, ətrafındakı bütün insanlara yalnız yaxşılıq etməyə çalışan, qəlbinin nuru ilə ətrafına işıq saçan Məhəbbət Mirzəxan qızı Mirzəliyeva 22 iyul 2016-cı ildə ağır xəstəlikdən dünyasını dəyişmişdir.

Məhəbbət Mirzəxan qızı Mirzəliyeva 17 oktyabr 1949-cu ildə Bakı şəhərində doğulmuşdur. 1966-cı ildə Bakı şəhərindəki 74 saylı orta məktəbi gümüş medalla bitirərək Bakı Dövlət Universitetinin (keçmiş S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) filologiya fakültəsinə daxil olmuşdur. 1971-ci ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. 1971-1972-ci tədris ilində ali təhsili başa vurduqdan sonra təyinatla Quba şəhər internat məktəbində tərbiyəçi-müəllim işləmişdir. İşlədiyi müddətdə şagird və müəllim kollektivinin dərin rəğbətini qazanmışdır.

1972-1975-ci illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dillərinin müqayisəli tədqiqi şöbəsinin əyani aspirantı olmuşdur.

1975-1993-ci illərdə institutun Türk dilləri şöbəsində kiçik elmi işçidən baş elmi işçiyədək ucalmışdır.

1976-cı ildə "Müasir Azərbaycan dilində felin məna növləri və həmhüdud kateqoriyalar" mövzusunda namizədlik, 1996-cı ildə isə "Türk dillərinin frazeologiyasının nəzəri əsasları" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir.

1993-1996-cı illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının humanitar siyasət şöbəsində məsləhətçi, 1996-2001-ci illərdə Azərbaycan Respublikası Prezidentinin yanında Ali Attestasiya Komissiyasının humanitar və ictimai elmlər şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
Elmi fəaliyyətlə paralel surətdə 1991-1993-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda, 1996-2000-ci illərdə isə Azərbaycan Xarici Dillər Universitetində pedaqoji fəaliyyət göstərmişdir.

M.Mirzəliyeva 2002-2013-cü illərdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Türk dilləri şöbəsinin müdiri kimi çalışmışdır. Bu illərdə şöbə əməkdaşlarının elmi və ictimai fəaliyyətlərində böyük rol oynamışdır. Onun bilvasitə və bilavasitə rəhbərliyi altında şöbənin 12 əməkdaşı filologiya üzrə fəlsəfə doktoru, 1 əməkdaşı isə filologiya üzrə elmlər doktoru adı almaq üçün dissertasiya müfafiə etmişdir. Hazırda 4 nəfər onun rəhbərliyi altında elmlər doktoru adı almaq üçün dissertasiya üzərində çalışır. M.Mirzəliyeva təkcə rəhbərlik etdiyi şöbənin deyil, digər şöbələrin aspirant və dissertanlarının da elmi yaradıcılıqlarına müsbət təsir göstərmişdir.

2002-ci ildən institutda fəaliyyət göstərən Bakı Dilçilik Məktəbinin rəhbəri, 2002-2012-ci illərdə Bakı Slavyan Universiteti nəzdində fəaliyyət göstərən Müdafiə şurasının üzvü olmuşdur. 2010-cu ildən Respublika Elmi Tədqiqatların Təşkili və Əlaqələndirilmə Şurası Dilçilik üzrə Problem Şurasının elmi katibi, 2012-ci ildən isə AMEA Dilçilik İnstitutu nəzdindəki Müdafiə şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

O, 2013-cü ilin noyabrından 2014-cü ilin noyabrına kimi AMEA Nəsimi adına Dilçilik İnstitutu Müasir Azərbaycan dili şöbəsinin müdiri vəzifəsini icra edib. 2013-cü il dekabrın 25-dən 2015-ci il aprelin 23-dək AMEA Nəsimi adına Dilçilik İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra etmişdir. M.Mirzəliyeva institut əməkdaşlarını hər çür qayğı ilə əhatə etmiş, onların bütün problemlərinin həllində yaxından iştirak etmişdir.

Elmi rəhbərliyi ilə 12 nəfər fəlsəfə doktoru alimlik dərəcəsinə layiq görülmüşdür. O, 4 elmlər doktoru, 6 fəlsəfə doktoru proqramı üzrə doktorant və dissertantın elmi rəhbəri olmuşdur.

2 elmi monoqrafiya, 1 şeir kitabı, 80 elmi məqalə və tezisin müəllifi, 4 kollektiv monoqrafiyanın həmmüəllifi, 20 elmi monoqrafiyanın redaktoru və rəyçisi, eləcə də 1998-ildən "Tədqiqlər" toplusunun baş redaktoru olmuşdur. M.Mirzəliyevanın gərgin əməyinin nəticəsi olan bu jurnal respublikanın bütün bölgələrini əhatə etmiş, nəinki elmi dərəsi olanların, elmə yeni qədəm basan gənc nəslin də dərc olunub, tanınmasında mühüm rol oynamışdır.

O, ictimai həyatda da həmişə fəallıq göstərmişdir. Belə ki, 1972-1990-cı illərdə Nəsimi adına Dilçilik İnstitutunun komsomol və partiya təşkilatlarına rəhbərlik etmiş, 1985-1990-cı illərdə Azərbaycan Elmlər Akademiyası partiya komitəsinin və rayon partiya komitəsinin üzvü olmuş, 1985-1993-cü illərdə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin xalq iclasçısı seçilmişdir.

M.Mirzəliyeva beynəlxalq simpozium və konfranslarda fəal iştirak etmişdir. 2014-cü ilin 22 oktyabrında Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu və Qafqaz Universitetinin birgə təşkilatçılığı ilə keçirilmiş "Sələflər və Xələflər" adlı I Beynəlxalq Simpozium da məhz onun təşəbbüsü və gərgin əməyinin nəticə idi.Qeyd etmək lazımdır ki, bu konfransla o, layıqli xələf və nümunəvi sələf olduğunu bir daha sübut etmişdir.

M.Mirzəliyeva 2015-ci ilin aprel ayından yenidən Türk dilləri şöbəsinin müdiri vəzifəsinə təyin olunmuşdur. Qayğıkeş insan, tələbkar rəhbər, fədakar alim kimi işlədiyi kollektivin hörmətini qazanmışdır.

2005-ci ildə Akademiyanın 60 illik yubileyi, 2009-cu ildə isə anadan olmasının 60 illiyi münasibətilə AMEA-nın Fəxri Fərmanına layiq görülmüşdür.

22 iyul 2016-cı il - şərəfli, namuslu, ləyaqətli, nümunəvi ömrünün son günü. Allah rəhmət eləsin, qəbriniz nurla dolsun!

Filologiya üzrə fəlsəfə doktoru Elnarə Əliyeva