Baş Prokurorluq Rafiq Tağının qətli ilə bağlı bəyanat yaydı

Respublika Baş Prokurorluğu Rafiq Tağıyevin qətli ilə bağlı bəyanat yayıb. Prokurorluqdan AzNews.az-a daxil olan məlumatda deyilir ki, son günlər bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) Rafiq Tağıyevin qətlinin üstünün açılmaması, cinayət işinin istintaqının qeyri-obyektiv aparılması, həmçinin iş üzrə istintaqın dayandırılması ilə bağlı həqiqəti əks etdirməyən informasiyalar yayılıb.

Bəyanatda bildirilir ki, həmin məlumatlar cinayət işinin materialları ilə ziddiyyət təşkil etdiyindən tərəfimizdən təkzib olunur: "Belə ki, cinayət işi üzrə çoxsaylı istintaq-əməliyyat tədbirləri həyata keçirilib, o cümlədən zərərçəkmiş və şahid qismində 180-dən artıq şəxs dindirilmiş, habelə 10-a yaxın kompleks ekspertiza təyin olunaraq, müvafiq rəylər alınıb. Bununla yanaşı Rafiq Tağıyevi Klinik Tibbi Mərkəzə gətirmiş təcili yardım stansiyasının həkimləri, həmçinin müalicəsi ilə məşğul olmuş tibb işçiləri də dindiriliblər.

Hadisədən əvvəlki və hadisə günlərində mərhumun hərəkət marşrutlarının tərtib olunmuş sxemi üzrə 43 videonəzarət kamerasının qeydə aldığı görüntülərin təhlili aparılıb, onlardan yalnız iki obyektə məxsus dörd videokamera işləməyib ki, bunun da səbəbi texniki nasazlıqlarla əlaqədar olub. Məhkəmə-Tibbi Ekspertizasının nəticələri göstərib ki, R.Tağıyevin ölümünün səbəbi onun bədəninə bıçaqla yetirilən xəsarətlər olub.

Göstərilənlərlə yanaşı R.Tağıyevin hüquqi varisi M.Tağıyeva və sonuncunun nümayəndəsi E.Sadıqov tərəfindən istintaqa daxil olmuş həyata keçirilməsi xahiş olunan ayrı-ayrı istintaq və prosessual hərəkətlərə dair vəsatətlərə cinayət-prosessual qanunvericiliyin tələblərinə əsasən baxılaraq müvafiq qərarlar qəbul edilib.

Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində qeyd edilən cinayət işi üzrə yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir".

Vasif Həsənli
AzNews.az