Bakıda aşma təhlükəsi olan ağaclar daha çox haradadır?

Bakıda aşma təhlükəsi olan ağaclar daha çox Nəsimi, Səbail və Nizami rayonlarındadır.


Bunu Trend-ə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Güclü küləklərin ağacları aşırmaması üçün hazırda gücləndirilmiş iş rejimində çalışdıqlarını deyən O.Məmmədovun sözlərinə görə, artıq bir necə gündür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ekspertiza İdarəsinin rəyi ilə Bakıda aşma təhlükəsi olan ağaclar kəsilir.

O.Məmmədov deyib ki, Nəsimi, Səbail və Nizami rayonlarında 1970-ci illərdə əkilən və artıq qocalan ağaclar üstünlük təşkil edir: "Qovaq ağacları tez inkişaf edib böyüyür. Ona görə də həmin illərdə Bakının yaşıllaşdırılması zamanı qovaq ağaclarının əkilməsinə üstünlük verilib".

Amma qovaq ağaclarının Bakının təbiətinə uyğun olmadığını deyən birlik rəsmisi əlavə edib ki, paytaxtda aşma təhlükəsi olan ağacların 90 faizi də qovaq ağaclarıdır: "Ümumiyyətlə, Bakıda hansı ağacı əkirsənsə ək, onun hündürlüyü 5 metrdən çox olmur. Çünki Bakıda münbit torpaq yoxdur. Qumluq da yumşaq olduğundan bir balaca külək olan kimi ağaclar aşır. Elə ağaclar aşır ki, onun aşmasına təəccüb edirsən".

O.Məmmədov qeyd edib ki, Bakının küləklərinə daha yaxşı dözə bilən ağaclar zeytunlardır.

Onun sözlərinə görə, 2016-cı ildə Bakıda 10 milyona yaxın zeytun ağacı əkilib.

AzNews.az