Vaqif Əsədov: Sürücülər yolun buz bağlamasını bəhanə gətirməsinlər

“Avtomobilin şaxtalı havada sürüşərək qəza törətməsi yol və meteoroloji şəraitin nəzərə alınmaması ilə bağlıdır. Qəzanın baş verməsinə yol şəraitinin, yolun buz bağlamasının bəhanə gətirilməsi səhv yanaşmadır”.


Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov qeyd edib ki, avtomobillərin sürüşmə hallarını araşdırarkən əyləc sistemindən istifadə edilməsi, düzgün sürət həddinin seçilməməsi yaxud da diqqəti yayındıra biləcək hərəkətlər aşkarlanarsa, sürücü məsuliyyətə cəlb ediləcək:

"Yol və meteoroloji şərait nəzərə alınmazsa, avtomobil hərəkətdə olarkən sürüşüb qəza törədərsə və bu zaman maddi ziyan vurarsa, belə hallar araşdırılacaq və sürücülər inzibati məsuliyyətə cəlb ediləcək. Qanunda göstərilir ki, yol və meteoroloji şərait nəzərə alınmaqla avtomobil elə idarə olunmalıdır ki, hərəkət istiqamətində hər hansı bir təhlükə yaranarsa, sürücü toqquşmanın qarşısını ala bilsin".

V.Əsədov əlavə edib ki, şaxtalı hava şəraitində yol polisi gücləndirilmiş iş rejimində çalışacaq.

AzNews.az