“Recep İvedik”dən Azərbaycana çağırış: “Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz”

Türkiyəli komediya aktyoru Şahan Gökbakar Azərbaycanda birmənalı qarşılanmayan “Recep İvedik 5” filminin treyleriylə bağlı açıqlama verib.

AzNews.az xəbər verir ki, Şahan sosial şəbəkədə filmdən azərbaycanlı idmançı ilə boks səhnəsini tam paylaşaraq Azərbaycanı qardaş ölkə kimi gördüyünü və ona qarşı yanlışlıq etməyəcəyini qeyd edib:

“Biz üzmək üçün yox, güldürmək üçün varıq... Bizdə qardaş ölkəmizə qarşı yanlışlıq olmaz... Treylerdə yaratdığı həyəcanla bağlı sadəcə son hissəni paylaşdığımız boks səhnəsini başqa istiqamətlərə çəkməyə çalışanlar olmasın deyə filmdə yayımlanacaq fraqmenti tam şəkildə paylaşırıq. Recep İvedikin ağzından çıxanlar nədir ki? Azərbaycandakı sevənlərimizə qovuşmağa can atıram... Hamınızı sevirəm...”

Ötən gün paylaşılan treylerdə azərbaycanlı idmançıya qalib gələn baş qəhrəman Recep İvedikin söylədiyi sözlər və bütünlükdə həmin səhnə Türkiyədə yaşayan azərbaycanlılar arasında da narazılıq doğurmuşdu. Türkiyənin “Hürriyyət” qəzetinə açıqlama verən Girəsun Universitetinin əməkdaşı, professor Aygün Attar treylerdə 2 ölkənin münasibətlərinin məzmununa uyğun olmayan səhnələr olduğunu və Şahanın ucuz üsullarla komediya yaratdığını qeyd edib.

Aydan