“Sürüşmə baş verən ərazidə geoloji tədqiqat aparılmalıydı” - Ekspedisiya rəisi

“Şamaxı rayonunda sürüşmə nəticəsində dağılmış Çuxuryurd-Qızmeydan avtomobil yolunda bizim Xidmət tərəfindən mühəndisi-geoloji tədqiqatlar aparılmayıb. Ərazidə mühəndisi-geoloji tədqiqatlar aparılmadığına görə belə fəsadlar baş verir”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov APA-ya deyib.

Onun sözlərinə görə, yol çəkilməzdən əvvəl ərazidə hökmən mühəndisi-geoloji tədqiqatlar aparılmalıdır.

“Tutaq ki, Bakı ərazisində çoxmərtəbəli, yaxud hər hansı inzibati bina tikilən zaman ilk növbədə həmin binanın altının geologiyası, süxurların fiziki-kimyəvi xüsusiyyətləri, onların sıxlığı, məsaməliliyi, yük götürmə qabiliyyəti, qrunt sularının səviyyəsi öyrənilir. Bunların nəticəsinə uyğun iş aparılır. Məsələn, Muğanlı-İsmayıllı yolu daim sürüşməyə məruz qalır. O yolun istiqamətini dəyişib hətta 500 metr başqa tərəfdən çəkirlər. Lakin o ərazi tektonik cəhətdən sürüşməyə meylli olduğuna görə hansı tədbir görsən də, zaman-zaman orda aktivləşmə olur, sürüşmə baş verir. Bu, təbii prosesdir.

Lakin Xızı-Altıağac, Çuxuryurd-Qızmeydan avtomobil yollarında vəziyyət başqadır. Aidiyyəti qurumların nümayəndələri ilə birlikdə Çuxuryurd-Qızmeydan yolunun sürüşmə baş vermiş hissəsində olduq. Yol təzə çəkilib, amma yolda çökmə, batma, sürüşmə prosesləri baş verir. Bunlar niyə baş verir? Orada sorğu apardım, sual verəndə ki, bu yolun geologiyasını kim aparıb? Məlum oldu ki, ərazidə mühəndisi-geoloji tədqiqatlar aparılmayıb. Birinci bundan başlamaq lazımdır. Yol çəkilən zaman hökmən mühəndisi-geoloji işləri aparılmalıdır. Sürüşməyə səbəb olan amillər, süxurların fiziki xüsusiyyətləri nəzərə alınmaqla yol çəkilməlidir. Mən öz fikrimi yazılı olaraq müvafiq orqanlara təqdim etmişəm. O yol uçub gedəcək. Yoldan kənara çıxan kimi quma batırsan”, - deyə Ə. Qaralov bildirib.

Qeyd edək ki, torpaq sürüşməsi Şamaxı-Qızmeydan avtomobil yoluna ciddi ziyan vurub. Yolun 4, 6 və 10-cu kilometrliklərində baş verən uçqun nəticəsində bir hərəkət zolağında asfalt örtüyü tamamilə çöküb.

AzNews.az