“Orqanlar bu meyitlərdən götürüləcək” - Açıqlama

“Meyitdən götürülən orqanlar çox azdır.”

Bunu AzNews.az-a açıqlamasında professor, tibbi ekspert Aqil Qeybulla Azərbaycanda meyitdən orqan köçürülməsi məsələsinə münasibətində deyib. Onun sözlərinə görə, meyitdən orqan götürülməsi prosesi qısa müddətdə baş verməlidir: “Orqanların böyük əksəriyyəti insan dünyasını dəyişdikdən qısa müddət sonra fəaliyyətini tamamilə itirir. Beyin qabığı tamam ölür, ürək əzələləri torbalaşır və başqa orqanlarda isə proseslər gedir.”

Aqil Qeybullanın fikrincə, orqanlar ancaq sağlam meyitdən götürülməlidir: “Hər meytdən orqan götürmək olmaz. Müxtəlif infeksion, xərçəng və ağır xəstəliklərin daşıyıcıları olan meyitlərin orqanlarını götürmək olmaz. Yəni, onlar heç kəsə lazım deyil. Ancaq avtomobil qəzasında və qəfil dünyasını dəyişən insanların meytlərindən orqanlar götürmək olar.”

Aqil Qeybulla hesab edir ki, meyitdən orqan köçürülməsində bəzi problemlər yaranacaq: “Azərbaycanda hər adam öz meyitini yarmağa və ondan orqan götürüb başqasına köçürməyə icazə vermir. Ona görə də, bu sahədə problemlər olacaq.”

Gələn il Azərbaycanda meyitdən orqan köçürülməsinin tətbiqinə başlanılacaq. Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev bununla bağlı artıq işlərin aparıldığını bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az