“Məmurlar xalqa xidmət etməlidir, özlərinə yox.” “Məmurlar xalqa xidmət etməlidir, özlərinə yox.”

“Dövlətin və xalqın malını yemək olmaz”- Millət vəkili

“Məmurlar xalqa xidmət etməlidir, özlərinə yox.”

Bunu AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli Prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurlarla xalqın rəftarına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Prezident hər zaman çıxışlarında məmurlarla bağlı kifayət qədər ciddi iradlar irəli sürür: “Azərbaycanda toxunulmaz adam yoxdur. Hər bir məmur xalqa xidmət eləməlidir. Bu bir çağırışdır, məmurlara mesajdır. Bu hər hansı bir millət vəkilinin deyil, Prezidentin fikiridir. Demək, bu təsadüfən yaranmır. Məmurlar nəticə çıxarmalıdır. Mən hələ illər öncə məmurlar haqqında fikirlərimi demişəm. Məmurlar dövlət telefonlarına cavab vermir. Güman edirəm, bu iradların hər biri öz ünvanına çatır. İstər nazir olsun, istərsə də icra başçısı, məmur ona görə deyil ki, oturub istədiyini etsin.”

Fəzail İbrahimli qeyd edib ki, həmişə belə mesajlardan sonra tədbirlər görülür: “Nə qədər məmur vəzifəsindən çıxarılır, nə qədər struktur dəyişikliyi olunub. İnsan xisləti çox ağır şeydir. Nəfs müəyyən problemlər yaradır. Nəfs dəhşətdir, şərdir, insanı qaranlığa aparır. Çox təəssüf ki, nəfsi iti olanlarımız var. Gec ya da tez, onlar dövlətin, ya da Allahın zavalına gələcək. Dövlətin və xalqın malını yemək olmaz. Kim xalqın malını yeyirsə, sonu uğursuz sonluqla yekunlaşır.”

Deputat Prezidentin məmurlarla bağlı fikirlərinin cəmiyyətdə müsbət qarşılandığını deyib:

“Bu da müəyyən nəticələr cıxarmağa əsas verir.”

Bu gün Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda məmurların xalqla rəftarına münasibət bildirib: “Mən dəfələrlə demişəm ki, məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır. Hər bir məmuru təyin edəndə deyirəm ki, get düzgün işlə, xalqa xidmət et. Təəssüf ki, bəziləri nəticə çıxarmır, nəticədə cəzalandırılırlar. Biz "Asan Xidmət"i yaratdıq, hələ bir şikayət eşitməmişəm. Bu, ictimai xidmətlər sahəsində yenilikdir. Bu, həm bizim iradəmizi göstərir, həm də bunu etməyin mümkünlüyünü göstərir. Hər şey məmurlardan asılıdır. Məmurlar işlərində nöqsana yol verərlərsə, cəzalandırılacaqlar.”

Bahar RÜSTƏMLİ

AzNews.az