TV-də vəkillər yox, ancaq müstəntiqlər var




Əziz Rzazadə

Mehmed Ali Birand öldü. Haqqında çox danışıldı, çox deyildi. Kimi xeyrinə, kimi qarasınca. Amma heç kim demədi ki, Birand öldü, "Kanal D" zəifləmədi, gözdən düşmədi. Bilirsiz niyə, mənim deməyimə hacət yoxdur. Amma bilməyənlərin gözünü açım: "Doğan holdinq"in neçə-neçə Birandı var. Birand olmasın, Cüneyt Özdemir olsun, Cüneyd Özdemir olmasın...

...arxada böyük bir nəsil gəlir. Yetişə-yetişə, yetişdirilə-yetişdirilə. Qayğıyla, ümidlə. Azərbaycanda isə "Mir Şahin həddi"ni keçən hələ olmayıb. Buna nə cəhd, nə də cəsarət var. Söhbət təkcə ANS-dən getmir a. Bizim TV-lərdə böyümək – SİMA OLMAQ istəyi yoxdur. Çünki bu sahədə sağlam və peşəkar bir nəsil yaranmadı, daha doğrusu, yaradan olmadı ki, yeni gələnlər onlardan nəsə öyrənsin. Zarafat deyil e, 20 il keçib, amma Azərbaycanın teleməkanında bir-iki nəfəri çıxmaqla, məktəb şəkillənməyib.

Bəzən bu haqda və buna bənzər şeylər haqda fikirləşərkən bilmirəm buna sevinim, ya sevinməyim. İcazə verin tərəddüdlərimə izah verim.

Mənimçün önəmli olan TV-lərin kütləvi aksiyalara, korrupsiya və rüşvətxorluqla bağlı faktlara münasibət deyil. Rəsmi şəxslərin ağzından çıxan "dövlət", "dövlətçilik" kəlmələrinə TV-lərin verdiyi oxşar mənadır. Deyəsən, telekanalların hamısına eyni dərsi vermək lazımdır ki, ay uşaq, dövlət – mənəm, mənim kimi minlərlə sıradan bir vətəndaşdır; dövlətçilik isə mənə, mənim kimi minlərlə sıradan bir vətəndaşa xidmətdir.

Məsələni ikinci tərəfi də var.

...Aksiyaların birində kənar müşahidəçi olan orta yaşlı bir qadın polisin qarşısını kəsib qışqırırdı: "Niyə qoymursunuz ANS bunu çəksin!?" Məni gülmək tutdu. Çünki ANS-ə aksiyanı çəkməmək qadağasını polis necə verə bilərdi ki? Qadın isə dediyində israrlı idi: "Qanun var, qayda var, qoyun çəksinlər, göstərsinlər..." Özündən soruşsaydın, şübhəsiz, nə o qanunun adını deyə biləcəkdi, nə də TV-yə aid qaydanın müddəasını. Amma aydın məsələdir ki, beyinlərdə, şüuraltıda hələ də bu təsəvvür qalıb ki, harda aksiya, orda ANS başda.

Getdi o günlər, ay xanım, qaldı keçmişdə.

Düzdür, informasiya məkanında hələ də ANS xəbərçilik baxımından TV-lər arasında öncüllüyünü saxlayır. Əvvəlki illərlə müqayisədə siyasi mövzunu, qabarıq kəskin münasibətləri, toqquşan maraqları arxivə atsa da. Qaldı ki aksiyaları göstərdi-göstərmədi iradına, etiraz üçün birbaşa əsas yoxdur. Göstərə də bilər, göstərməyə də. Bu öz işi, öz haqqıdır. Bəlkə də elə göstərməməyi yaxşıdır...

"Xəzər" TV-də Rüstəm İbrahimbəyov haqda gedən hədyanı bu telekanaldan kim gözləyirdi ki? Heç kim. Amma ekrana gətirdi və indi bir çoxları baş sındırır: "Bu necə olub?" Belə şeyləri həmişə AzTV-dən gözləyənlər belə çaşıb-qalıblar. Yox, hətta AzTV-də bu sayaq əxlaqsızlıq yadıma gəlmir. Ona görə yox ki İsmayıl Ömərov artıq İTV-dədir. Ona görə yox ki o, artıq telemüstəntiq deyil, İTV-ninn baş prokurorudur. Ona görə ki...

...bu telekanalın yalnız rəsmi adına görə "ictimai"dir. Yerdə qalan – rəsmi mövqedir. Bu günəcən ictimai dərdlərimizdən hansına qulaq kəsdirib İTV? Nə vaxt ictimai fikri, ictimai maraqları əks etdirib? Bu telekanal cəmiyyət qarşısında nə zamansa hesabat verəcəkmi?

...Sevinc Babayevanın İstanbulda müəmmalı ölümünü hamı xəbər verdi. "Birinciyəm" deyə sinəsinə döyən saytlar da, telekanallar da. Amma "S. Babayevanın Türkiyədə nə iti azmışdı? niyə qonşu dövlətə qaçmışdı? onu qaçırmaqda şübhəli bilinən kim idi? ümumiyyətlə, bu qaçışın özü nədən doğmuşdu?" – bu haqda bir kəlmə deyilmədi. Sanki söhbət insan cildinə girmiş, saxta Azərbaycan pasportu əldə etmiş hansısa yadplanetlidən gedirdi.

İndi, İsmayıllıdakı iğtişaşları, Bakıdakı son aksiyanı izləyərkən yadıma bir kəlmə də düşdü: "quduzlar". Yadınızdadır da onu kim demişdi? ANS, Sevda Həsənova, il – 2003...