“Bu da çox ağır nəticələrə gətirib çıxaracaq” - Millət vəkili

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib.

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. "APA-Economics" xəbər verir ki, iclasda "Daşınar əmlakın yüklülüyü haqqında" qanun layihəsi müzakirə olunub.

Komitə sədri Ziyad Səmədzadə bildirib ki, qanun daşınar əmlakın girov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq.

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Hüquqi təminat idarəsinin rəisi Nurlan Babayev deyib ki, qanun layihəsinə əsasən daşınar əmlakın dövlət reyestrinin yaradılması nəzərdə tutulur: "İndiyədək daşınmaz əmlakın yüklülüyü mövcud idi. Amma daşınar əmlakın yüklülüyü mövcud deyildi. Daşınar əmlakın yüklülüyünün qeydə alınmaması səbəbindən banklar kredit verməkdə maraqlı deyildi. Bu qanunun qəbulu ilə artıq daşınar əmlakın girov qoyulması əsasında kredit götürmək mümkün olacaq. Xüsusi ilə kənd yerlərində daşınar əmlakın girov qoyulması ilə kredit götürə biləcək. Daşınar əmlakın dövlət reyestri ilə bağlı portal yaradılacaq".

Millət vəkili Vahid Əhmədov bildirib ki, qanun layihəsinin əsas məqsədi bankların sağlamlaşdırılmasıdır. Onun sözlərinə görə, qanun layihəsi bankların kreditvermə imkanlarının genişləndirilməsinə səbəb olacaq. "Dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergi daxilolmalarının payı olduqca yüksəkdir. Dövlət büdcəsinin 60%-i vergi daxilolmalarının hesabına formalaşır. Qanun layihəsində razılaşmadığım məqamlar var. Bu qanun layihəsində yüklülüyün növbəliliyi ilə bağlı müddəalara yenidən baxılmalıdır. Əks təqdirdə vergi borcları artacaq və dövlət büdcəsinin daxilolmalarında problem yaranacaq. Maliyyə Bazarlarına Nəzarət Palatası Vergilər Nazirliyi ilə məsləhətləşmələr aparmalıdır. Mən birinci oxunuş üçün səs verəcəyəm. Amma açıq deyirəm, təklif etdiyim amillər nəzərə alınmasa, bu qanunun lehinə səs verməyəcəm".

Millət vəkili Əli Məsimli isə qeyd edib ki, "Daşınar əmlakın yüklülüyü haqqında" qanun həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mövcuddur: "Lakin MDB-də belə bir qanun Özbəkistandan başqa heç bir ölkədə tətbiq edilmir. Azərbaycanın bank sistemində olan problemlər, faiz dərəcələrinin yüksək olması insanların vəziyyətini daha da ağırlaşdırıb. Problemli kreditlərimizin sayı kifayət qədərdir. Bu baxımdan sözügedən qanun layihəsi əgər bu məsələlərin həllinə yönələcəksə, onu qəbul etmək olar. Bu gün banklar valyutadəyişmə məntəqəsinə çevrilib. İndiyədək insanların evləri, mülkləri, torpaqları, avtomobilləri əlindən alınırdısa, belə çıxır ki, indi də ev əşyaları, xalçaları, palazları əllərindən alınacaq ki, bu da çox ağır nəticələrə gətirib çıxaracaq. Buna görə də aidiyyatı qurumlar bu məsələni nəzərə almalıdır. Bu baxımdan məsələyə yanaşdıqda onun konsepsiyası kifayət qədər aydın olsa da, mətn anlaşıqlı deyil".

Qeyd edək ki, Azərbaycanda vergi, məcburi dövlət sosial sığorta haqları, gömrük borcu olan şəxslər öhdəliklərini yerinə yetirmədikləri təqdirdə onlara məxsus daşınar əmlak üzərindəki mülkiyyət və digər əşya hüquqları məhdudlaşdırıla bilər. Qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, habelə hüquqlar və tələblər, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir.

Layihədə qeyd olunub ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Vergi orqanı tərəfindən vergi borclarının, onlara hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının vergi ödəyicisinin milli və xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması və ya dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verilməsi, vergi orqanı tərəfindən vergi borcları, onlara hesablanmış faizlər və tətbiq olunmuş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisinin siyahıya alınması, məcburi dövlət sosial sığortası sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən hesablanmış və ya yenidən hesablanmış məcburi dövlət sosial sığorta haqları üzrə borcların və tətbiq edilmiş maliyyə sanksiyalarının sığortaedənin cari, valyuta və digər hesablarından həmin orqanın hesabına alınması üçün banka və ya digər kredit təşkilatına icra sənədi olan sərəncam verməsi, gömrük orqanı tərəfindən vaxtında ödənilməmiş gömrük borclarının ödəyicidən tutulması üçün vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericilikdə müəyyən edilmiş qaydalarına uyğun olaraq, banka icra (ödəniş) sənədi verməsi, gömrük orqanı tərəfindən həm mövcud, həm də yarana biləcək gömrük borclarına görə təminat götürməsi dövlət və bələdiyyə yüklülüyünə daxildir.

Qanun layihəsində daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, yüklülük predmetinin satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapıb.

Qeyd edək ki, "Daşınar əmlakın yüklülüyü haqqında qanun" layihəsinə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Bu zaman həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcək. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayının 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq.

Qanun dərc edildiyi gündən 6 ay sonra qüvvəyə minəcək.

Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olan qanun layihəsi I oxunuş üçün parlamentin plenar iclasında tövsiyə edilib.

AzNews.az