“ABŞ danışıqlarla paralel təzyiqi artırır” - Ülviyyə Zülfiqar

"Omanda keçirilən danışıqların nəticəsiz qalması əslində tərəflər arasında mövqelərin nə qədər uzaq olduğunu bir daha göstərdi. ABŞ-nin İranın nüvə proqramının məhdudlaşdırılmasını əsas şərt kimi irəli sürməsi Vaşinqtonun təhlükəsizlik prioritetlərini ön plana çıxardığını göstərir. İranın hazırkı mövqeyində dayanması fonunda isə prosesin dalana dirənməsi gözlənilməz deyildi. Hazırkı vəziyyət yeni gərgin mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Çünki təkcə diplomatik istiqamətdə deyil, paralel olaraq hərbi və iqtisadi sahədə də təzyiq mexanizmləri işə salınır. ABŞ-nin regiona əlavə qüvvə cəmləşdirməsi mesaj xarakteri daşıyır: rəsmi Vaşinqton danışıqları davam etdirmək istəsə belə, paralel olaraq təzyiq xəttini də gücləndirir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar deyib.

Qeyd edək ki, fevralın 6-da İranla ABŞ arasında Omanda nüvə sənədlərinin mübadiləsi ilə bağlı keçirilən danışıqlar nəticəsiz başa çatdı. Buna səbəb ABŞ lideri Donald Trampın İranın nüvə proqramının məhdudlaşdırılmasını əsas şərt kimi irəli sürməsi oldu. Rəsmi Tehran isə bu tələbi qəbul etmir. İranın xarici işlər naziri Abbas Əraqçi uranın zənginləşdirilməsinin ölkənin haqqı olduğunu bəyan edib. Bu arada, ABŞ-nin Yaxın Şərqə əlavə hərbi qüvvə göndərməsi və İranla əməkdaşlıq edən ölkələrə 25 faiz rüsum tətbiq etməsi Vaşinqtonun təzyiq siyasətini gücləndirdiyini göstərir.

Siyasi şərhçi qeyd edib ki, bununla belə, tərəflərin indiki vəziyyətdə tammiqyaslı hərbi qarşıdurmaya getməsi real görünmür.

"Hər iki tərəf anlayır ki, genişmiqyaslı münaqişə Yaxın Şərqdə nəzarətdən çıxan proseslərə səbəb ola bilər. Daha çox ehtimal olunan ssenari sanksiyaların sərtləşməsi və vasitəçilər üzərindən davam edən təmaslardır. Düşünürəm ki, Oman kimi ölkələrin vasitəçilik rolu yenidən aktuallaşa bilər. Prosesin region ölkələrinə təsirinə gəldikdə, ilk növbədə enerji və təhlükəsizlik məsələləri ön plana çıxır. Yaxın Şərqdə gərginlik artdıqca enerji bazarlarında qiymət dalğalanmaları müşahidə oluna bilər. Bu isə ümumi regional sabitlik baxımından risklidir".

Rəfiqə Namazəliyeva,

AzNews.az