- Siyasi müzakirə
- 19:30
- 1 976
“Azərbaycanın siyasəti bölgədə sabitlik yaradıb” - Azad Məsiyev
"Cənubi Qafqaz coğrafi baxımdan Şərqlə Qərbin qovuşduğu bir məkandır. Ümumilikdə Cənubi Qafqaz uğrunda qlobal güclər arasında rəqabət mövcuddur. Dünyada supergüclər arasında həm iqtisadi, həm siyasi, həm də hərbi müstəvidə açıq və gizli qarşıdurma gedir. Bu qarşıdurmanın birinci episentri Ukraynadadırsa, ikinci episentri Cənubi Qafqazdır. 44 günlük Vətən müharibəsindən sonra regionda yeni siyasi situasiya formalaşıb. Azərbaycan Prezidentinin apardığı daxili və xarici siyasət nəticəsində Cənubi Qafqazda yeni reallıq yaranıb. Bu gün region qlobal güclərin maraq dairəsindədir. Yeni situasiya ondan ibarətdir ki, Azərbaycan rəhbərliyinin həyata keçirdiyi siyasət nəticəsində bölgədə müəyyən sabitlik formalaşıb. Bu sabitlik fonunda həm regional, həm də geosiyasi baxımdan maraqların uzlaşması üçün şərait yaranır. Bildiyiniz kimi, avqustun 8-də Ermənistan, Azərbaycan və ABŞ rəhbərləri səviyyəsində görüş keçirilib. Bu görüş nəticəsində ABŞ-nin regiondakı maraq dairəsi daha aydın şəkildə ortaya çıxıb. ABŞ-da Trampın hakimiyyətə gəlməsi ilə Cənubi Qafqazda iqtisadi maraqlar üzərində siyasət yürüdülməyə başlanılıb. Trampdan əvvəl isə Bayden administrasiyası Ermənistan üzərindən Cənubi Qafqazda təsir imkanlarını artırmağa çalışırdı ki, bu da gərginliyə səbəb olurdu".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azad Məsiyev deyib.
Xatırladaq ki, ABŞ vitse-prezidentinin fevralın 9-11-də Azərbaycan və Ermənistana planlaşdırılan səfəri Cənubi Qafqazda siyasi proseslərin yeni mərhələyə keçə biləcəyinə işarədir. Səfər regionda sülh və təhlükəsizlik gündəliyini fəallaşdıra, Azərbaycan–Ermənistan münasibətlərinin normallaşması və regional kommunikasiyaların açılmasını sürətləndirə bilər. ABŞ administrasiyasının artan diqqəti səfərin yalnız diplomatik jest deyil, həm də siyasi mesajlarla müşayiət olunacağını göstərir.
Siyasi şərhçi bildirib ki, Tramp Cənubi Qafqazda daha çox iqtisadi maraqlara yönəlmiş siyasət həyata keçirir.
"Avqustun 8-də baş tutan görüşlər nəticəsində Ermənistanın Zəngəzur dəhlizinin ABŞ-nin himayəsinə verilməsi ilə bağlı razılığa gəldiyi iddia olunur. Bu dəhliz də məhz 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni situasiyanın məntiqi nəticəsi kimi qiymətləndirilir. Orta dəhlizin bir qolu sayılan Zəngəzur dəhlizi strateji əhəmiyyət daşıyır. Bu dəhlizdə həm ABŞ-nin, həm də Rusiyanın maraqları var. 10 noyabr bəyanatının 9-cu bəndinə əsasən bu dəhlizə Rusiya nəzarət etməli idi. Lakin mövcud vəziyyət ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin siyasəti nəticəsində bu dəhliz ABŞ-nin himayəsinə verilməsi istiqamətində addımlar atılır. ABŞ rəsmilərinin Cənubi Qafqaza səfəri də bir daha göstərir ki, Vaşinqtonun regiona marağı strateji xarakter daşıyır. Düzdür, Ermənistanda 2026-cı ildə seçkilər keçiriləcək və bu seçkilərin nəticəsindən asılı olaraq vəziyyət dəyişə bilər. Çünki Ermənistanda Rusiya yönümlü qüvvələrin aktivləşdiyi müşahidə olunur. Əgər seçkilər nəticəsində Rusiyaya yaxın qüvvələr hakimiyyətə gəlsə, Zəngəzur dəhlizi məsələsi yenidən müzakirə mövzusuna çevrilə bilər. Bu halda 10 noyabr bəyanatı yenidən gündəmə gələ bilər. Rusiya rəsmiləri dəfələrlə həmin sənədin hələ də qüvvədə olduğunu bəyan ediblər. Bu baxımdan Cənubi Qafqaz həm iqtisadi, həm də siyasi müstəvidə ABŞ-nin diqqət mərkəzindədir. Hətta xatırlatmaq yerinə düşər ki, ABŞ-nin Ermənistandakı səfirliyində minlərlə diplomatik personal fəaliyyət göstərir. Bu da Vaşinqtonun regionda Ermənistan üzərindən maraqlarını həyata keçirməyə çalışdığını göstərir. Lakin Cənubi Qafqazın aparıcı dövləti Azərbaycandır. Azərbaycan Prezidentinin siyasəti nəticəsində bölgədə yeni siyasi mühit formalaşıb və sabitlik təmin olunub. Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar da bu siyasətin nəticəsidir. Rusiya və Qazaxıstandan gələn taxılın Ermənistana çatdırılması Azərbaycan tərəfindən təmin olunub. Bu, bölgədə sabitliyin və humanitar vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş addımdır. Həmçinin Azərbaycanla Ermənistan arasında hələ sülh sazişi imzalanmasa da, Azərbaycan yanacağının Ermənistana satılması da eyni məqsədə xidmət edir. Bu, Ermənistanın iqtisadi durumunun yaxşılaşdırılması və regionda sabitliyin möhkəmləndirilməsi üçün atılan addım kimi qiymətləndirilə bilər. Yəni Azərbaycan Prezidenti təkcə ölkə daxilində deyil, bütövlükdə regionda sabitliyin formalaşmasına çalışır. Azərbaycan həm regional, həm də geosiyasi müstəvidə proseslərə təsir edə bilən dövlətdir. Coğrafi baxımdan kiçik dövlət olsa da, xarici siyasəti vasitəsilə qlobal proseslərə təsir imkanlarına malikdir. Azərbaycan Prezidentinin xarici səfərləri və Azərbaycana gələn yüksək səviyyəli qonaqlarla aparılan danışıqlar göstərir ki, bölgədə aparıcı dövlət Azərbaycandır və Azərbaycanla razılaşdırılmadan heç bir layihənin uğur qazanması çətindir. Bu baxımdan ABŞ-nin Cənubi Qafqaza, o cümlədən Azərbaycan və Ermənistana səfəri Vaşinqtonun regiona marağının bariz göstəricisi kimi qiymətləndirilə bilər. ABŞ-nin həm Bakı, həm də İrəvana diqqət yetirməsi regionda əsas söz sahibinin Azərbaycan olması ilə bağlıdır. 44 günlük müharibədən sonra bölgədə sabitliyi təmin edən tərəf məhz Azərbaycandır. Ermənistana taxıl və yanacaq verilməsi də göstərir ki, regiondakı proseslərin tənzimlənməsində Azərbaycan mühüm rol oynayır. Ermənistanda keçiriləcək seçkilərə təsir imkanlarının da məhz regional proseslərlə bağlı olduğu qeyd olunur. Paşinyanın hakimiyyətdə qalması ABŞ-nin maraq dairəsinə uyğun hesab olunur. Çünki Vaşinqton regionda siyasətini məhz Paşinyan hakimiyyəti üzərindən həyata keçirməyə çalışır və Rusiyanın Ermənistandakı təsirini zəiflətmək niyyətindədir. Bu səfəri də ABŞ-nin Ermənistana və Paşinyan hakimiyyətinə siyasi və mənəvi dəstəyinin göstəricisi kimi qiymətləndirmək olar. Eyni zamanda geosiyasi baxımdan baxdıqda görünür ki, ABŞ və Rusiyanın maraqları dünya siyasətində toqquşur. Bu toqquşmanın birinci episentri Ukraynadırsa, ikinci episentri Cənubi Qafqazdır. Cənubi Qafqazda supergüclərin maraqları uzlaşdırılmalıdır və bu prosesdə Azərbaycan mühüm rol oynaya bilər. Çünki Azərbaycan həm Rusiya ilə münasibətlərə, həm də Şimal–Cənub nəqliyyat dəhlizi kimi layihələrə təsir edən əsas ölkələrdən biridir. Hətta İran və Rusiya arasında planlaşdırılan qaz kəməri layihəsinin də Azərbaycan üzərindən keçməsi nəzərdə tutulur. Bu da onu göstərir ki, Azərbaycan həm regional, həm də geosiyasi maraqların uzlaşdırıla biləcəyi əsas ölkələrdən biridir. Məhz buna görə də ABŞ Cənubi Qafqazda Azərbaycanla münasibətlərini bərpa və inkişaf etdirməkdə maraqlıdır. ABŞ-da 907-ci düzəlişin Bayden dövründə gündəmə gətirilməsi Azərbaycan–ABŞ münasibətlərində müəyyən soyuqluq yaratmışdı. Lakin Trampın hakimiyyətə gəlməsi ilə bu maddənin dondurulması Vaşinqtonun Azərbaycana marağının artdığını göstərən amillərdən biri kimi qiymətləndirilir. Ümumilikdə, ABŞ-nin yüksək səviyyəli rəsmisinin Cənubi Qafqaza səfəri Vaşinqtonun regiona strateji marağının olduğunu bir daha nümayiş etdirir".
Rəfiqə Namazəliyeva,
AzNews.az