Federasiyadan vitse-prezidentin ölümü haqda açıqlama - “Təcili yardım vaxtında gəlsəydi...”

Azərbaycan Milli Karate Federasiyasının vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, beynəlxalq hakim Yusif Məmmədov qəfildən dünyasını dəyişib.

Federasiyadan Modern.az-a verilən məlumata görə, Yusif Məmmədov heç zaman hansısa xəstəlikdən əziyyət çəkməyib.

“Yusif müəllim çox sağlam adam olub. Heç vaxt hansısa orqanında problem olmayıb. Ürəyi də sağlam olub. Dünən axşam “Dalida” restoranında bir qrup idmançı ilə birgə IV İslam Oyunlarında qazanılan qələbəni qeyd ediblər. Həmin vaxt qəfildən ürəyi tutub. Hətta, Ülvi müəllim (Ülvi Quliyev) əlindən gələn köməkliyi əsirgəmədi. Əvvəl özünə gəlsə də qəfildən ürəyi dayandı. Təcili yardım vaxtında gəlmədi. Bəlkə də vaxtında gəlsəydi, Yusif müəllim dünyasını dəyişməzdi”

Qeyd edək ki, Hadisə Səbail rayonu ərazisində yerləşən “Dalida” restoranında qeydə alınıb.

Bir qrup idmançı, məşqçi və hakim Bakıda keçirilən IV İslam Oyunlarında qazanılan qələbəni qeyd etmək üçün adıçəkilən restoranda toplaşıblar.

Məclis əsnasında Yusif Məmmədov qəfildən dünyasını dəyişib.

İlkin məlumata görə, Məmmədov ürək tutmasından ölüb.

Dünyasını dəyişən hakim Yusif Məmmədovun 65 yaşı olub.

AzNews.az