Lapşin məhkəmədə son söz dedi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bloqqer Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən prosesdə vəkil çıxış edib.

O, A.Lapşinə bəraət verilməsini istəyib.

Sonra bolqqerin özü son söz deyib. O, son sözündə ittihamları qəbul etməsə də, peşmançılıq hissi keçirdiyini deyib.

O, dünyanın 126 ölkəsində olduğunu, ömrünü gəzməklə keçdiyini deyib: "Özümü günahkar hiss etmirəm. Lakin bəzi şeylərə görə özümü peşman hiss edirəm. Ona görə hiss edirəm ki, düşünmədən bilmədən Azərbaycan və onun xalqına zərər vurmuşam. Mən bu bölgəni tanımırdım. Maraqlananda da yalnız erməni mənbələrdən məlumat almışam. Xəbərim olmayıb"

A.Lapşin daha sonra deyib: "Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü tez bir zamanda bərpa edər. Qarabağ münaqişəsi tezliklə Azərbaycanın xeyrinə başa çatar"

Daha sonra hakimlər müşavirəyə gedib. Onların müşavirədən qayıtdıqdan sonra hökmü elan edəcəkləri gözlənilir.

Qeyd edək ki, ötən prosesdə prokuror A.Lapşinə 6 il 6 ay cəza verilməsini istəmişdi.

Xatırladaq ki, Azərbaycan Baş Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaqı aparılan cinayət işi üzrə ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan A.Lapşin Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə, ərazi bütövlüyünü parçalamağa yönələn açıq çağırışlar etmə əməllərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilib. Beynəlxalq və dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılaraq, 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya olunub.

AzNews.az