6 tələbənin ölümünə səbəb olan sürücüyə hökm oxundu - 10 il həbs + Yenilənib

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda 6 tələbənin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər çıxış edərək prokurorun çıxışı ilə razı olmadıqlarını bildirib, qəzaya səbəb olan digər şəxslərin də məsuliyyətə cəlb edilməsini istəyiblər. Daha sonra N. Hüseynovun vəkili Şirin Atayev çıxış edib. Vəkil məhkəmədə ətraflı araşdırma aparılmadığını deyib. O, videogörüntülərə baxılmadığını bildirib və ədalətli qərar qəbul edilməsini istəyib.

Namiq Hüseynov son sözlə çıxış edib. O bildirib ki, maşında artıq sərnişin olub, etibarnaməsi olmayıb. N. Hüseynov hadisənin təsadüfdən baş verdiyini deyib. Bu zaman onunla zərərçəkmiş şəxslər arasında mübahisə düşüb.

Hakimlər müşavirəyə gediblər.

Müşavirədən sonra prosesdə hökm oxunub. Hökmə əsasən, Namiq Hüseynov 5 il müddətinə sürücülük hüququndan məhrim edilməklə, 10 il müddətinə azadlıqdan məhrum edilib.

***

15:29

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı-Sumqayıt yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Namiq Hüseynovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında N.Hüseynovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı zərərçəkmişlərin mülki iddiasının təmin edilməsini də tələb edib.

Qeyd edək ki, bu il martın 9-da saat 08:00 radələrində Abşeron rayonu ərazisində Sumqayıt şəhər sakini Namiq Hüseynovun idarə etdiyi "Ford" markalı mikroavtobus yolun hərəkət hissəsində dayanmış həmyerlisi Elvin Şəmistanlıya məxsus "ZİL" markalı yük avtomobilinin arxa hissəsinə çırpılıb.

Nəticədə mikroavtobusda olan Sumqayıt Dövlət Universitetində təhsil alan 6 tələbə - Fizika və elektroenergetika fakültəsinin III kurs tələbələri İbrahim Quliyev, İbrahim Nəsibov, Tarix və coğrafiya fakültəsinin III kurs tələbələri Çinarə Quliyeva, Rəşad Caniyev, Roza Muradova, 1999-cu il təvəllüdlü Lalə Nəsirzadə ölüb, daha 20 tələbə yaralanıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. Mikroavtobusun sürücüsü N.Hüseynov şübhəli şəxs qismində məsuliyyətə cəlb olunub. Daha sonra onun barəsində həbs qətimkan tədbiri seçilib.

AzNews.az