Bayram Səfərov xocalıların problemlərinin həll olunduğunu dedi

"Biz icmanın xətti ilə 1992-ci ildə Xocalı faciəsində hər iki valideynini itirmiş uşaqları Almaniyaya göndərmişdik . Onlar bir ay almaniyalı ailələrdə qalmışdılar. Keçən il də həmin uşaqlardan bir qrupunu 20 il əvvəl evlərində olduqları alman ailələri ilə görüşə göndərdik".

Bunu AzNews.az-a Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri Bayram Səfərov deyib. Əvvəlki illərlə müqayisədə bu il Azərbaycanın bütün dünyada Xocalı hadisələri barədə silsilə tədbirlər keçirdiyini vurğulayan İcma rəhbəri Azərbaycanda da silsilə tədbirlərin keçirildiyini bildirib:

"Bütün məktəblərdə, idarə və müəssisələrdə Xocalı soyqırımı ilə bağlı tədbirlər keçiririk. Dövlətimiz xocalıların bütün sosial-iqtisadı problemlərinin həll olunmasına çalışır və onlar daim dövlətin qayğı və diqqətini də görürlər. Onlardan heç birinin sosial çətinliyi də yoxdur".

Gültəkin
AzNews.az