Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir - Mehriban Əliyeva

"Azərbaycan bu gün güclü və qüdrətli müstəqil dövlətdir. Bizim müstəqil siyasətimiz var. Azərbaycan bu gün öz sözünü deyən, öz mövqeyini qoruyan dövlətdir."

AzNews.az Azərtac-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva məcburi köçkünlər üçün Masazır qəsəbəsində salınan şəhərcikdə tikilən yeni üç binada mənzillərin təqdim edilməsi mərasimində söyləyib.

Mehriban Əliyeva deyib ki, bütün ölkədə geniş şəkildə quruculuq işləri aparılır. Bakının müasirləşməsi, paytaxtımızın gözəlliyi, təmizliyi, abadlığı barədə təkcə Azərbaycanda yox, xaricdə də danışırlar. Təkcə Bakı deyil, hər bir rayonda, hər bir regionda inkişaf gedir. Yeni məktəblər, xəstəxanalar, idman kompleksləri tikilir, yollar salınır, qazlaşdırma aparılır, insanları narahat edən məsələlər aradan qaldırılır, yeni imkanlar açılır.

“Bu gün Azərbaycan inkişaf və tərəqqi yolu ilə irəliləyir. Bizim müstəqil siyasətimiz davam edəcək. Biz öz nailiyyətlərimizi görürük, öz gücümüzü dərk edirik. Biz onu da yaxşı başa düşməliyik ki, əgər dostlarımız, tərəfdarlarımız nailiyyətlərimizə sevinirlərsə, düşmənlərimiz heç də sevinmir və hər cür çirkin əməllərə əl atırlar. Amma biz bundan qorxmuruq, biz öz yolumuzla gedirik. Bir daha qeyd etmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev üçün Azərbaycanın və Azərbaycan xalqının maraqları hər bir şeydən üstündür və biz bu yoldan dönməyəcəyik”, - deyə Birinci vitse-prezident bildirib.