"Beynəlxalq Bank"ın dövlət vəsaitini mənimsəyən şəxsə verilən cəza məlum oldu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının xəzinədarı vəzifəsində işləyən Eynal Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, E. Səfərov barəsində 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib. Məhkəmə hökmü elan edərkən, onun ziyanı ödəməsini nəzərə alıb.

İttihama görə, Səfərov Eynal Ramiz oğlu öz qulluq mövqeyindən istifadə edərək, ona etibar edilmiş külli miqdarda özgə əmlakını qəsdlə mənimsəməklə talayıb. Belə ki, o, 1 avqust 2013-cü il tarixdən 15 may 2017-ci il tarixədək Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nərimanov filialının ASAN 1 şöbəsinin aparıcı mütəxəssisi (xəzinədar-əməliyyatçı) vəzifəsində işləyərkən, vəzifə təlimatına əsasən, fiziki şəxslərin müxtəlif təyinatlı ödəmələri üzrə, eləcə də nağd vəsaitlərin qəbul edilməsi üzrə əməliyyatlar aparmaq səlahiyyəti ilə dövlət rüsumları və xidmət haqlarının tərəfindən qəbul edilməsini tərtib edən kassa mədaxil qəbzlərini tərtib edərək, onları öz imzası və bankın ştampı ilə təsdiq edib iki nüsxəsini fiziki şəxslərə verərək qəbul etdiyi pul vəsaitini müxtəlif üsullarla mənimsəyib.

O, müştəri tərəfindən Dövlət Miqrasiya Xidmətinə və bank əməliyyatları üçün ödənilən pulun bir halda tam hissəsini, digər halda isə müəyyən hissəsini özünə götürüb. Bununla E. Səfərov dövlətə ümumilikdə 20 min manata yaxın ziyan vurub və pulu şəxsi ehtiyaclarına xərcləyib.

E. Səfərov barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə; külli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb və başqa yerə getməmək haqqında iltizam tədbiri seçilib.