İki qurum təzadlı açıqlama yaydı - Bəs, əslində necədir?

Dünən Səhiyyə Nazirliyi ölkə ərazisinə əhalinin təhlükəsiz dərman vasitələri ilə təmin olunması məqsədi ilə göz damcısı olan "Oksiam-B" adlı saxta dərman preparatlarının idxal edilməsi ilə bağlı məlumat yayıb.

AzNews.az xəbər verir ki, məlumatda həmin dərman preparatının Türkiyənin “Universe Pharma İlac” şirkətinin məhsulun qablaşması üzərində göstərilən ünvanda heç bir istehsalat sahəsi olmadığı və məhsul Türkiyə Səhiyyə Nazirliyi Dərman və Tibbi cihaz qurumu (TİTCK) tərəfindən dövlət qeydiyyatına alınmadığı bildirilib. Qeyd olunub ki, Türkiyənin “Universe Pharma İlac” şirkətinin istehsalı olan “OKSİAM-B” adlı məhsul dərman vasitəsi kimi Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınmayıb. Həmçinin “Dihac MMC” tərəfindən həmin dərman vasitəsinin ölkəyə idxal edilməsinə razılıq verilməsi barədə Analitik Ekspertiza Mərkəzinə müraciət daxil olmayıb. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 2006-cı il 22 dekabr tarixli Qanununun 6.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycana idxalına, Azərbaycan ərazisində istehsalına, satışına və istifadəsinə yalnız Azərbaycan Səhiyyə Nazirliyində dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.

Bu gün Dövlət Gömrük Komitəsi həmin məsələ ilə bağlı açıqlama yayıb. Rəmsi məlumatda qeyd edilib ki, DGK-nin müvafiq qurumları tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, xarici iqtisadi fəaliyyət iştirakçısı olan "Dihac" MMC tərəfindən Azərbaycan ərazisinə idxal olunan, Səhiyyə Nazirliyinin müvafiq sertifikatları ilə təmin edilən dərmanların siyahısında "Oksiam-B" adlı dərman preparatı yoxdur.

"Oksiam-B" dərman preparatı ölkə ərazisinə "Norma Med" MMC şirkəti tərəfindən idxal edilib və Səhiyyə Nazirliyinin müvafiq sertifikatı ilə təmin olunub.

Aparılan araşdırmalar zamanı o da məlum oldu ki, "Oksiam-B" adlı dərman preparatının "Dihac" MMC tərəfindən idxal edilməsi iddiasına etiraz olaraq şirkət rəhbərliyi məsələyə aydınlıq gətirilməsi üçün rəsmi qaydada aidiyyatı orqanlara müraciət edəcək.

image description