Arvadına baxan sürücünü öldürdü - 17 il həbs cəzası aldı

Qətlə törətməkdə təqsirləndirilən 1993-cü il təvəllüdlü Cavid Əbdülməmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hakimlər kollegiyasının hökmünə əsasən Cavid Əbdülməmmədov 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl bu il iyul ayında Bülbülə qəsəbəsində baş verib. Qətlə yetirilən şəxs Vasif Ağammədovdur. O, Bakıda taksi sürücüsü işləyirmiş.

Hadisəyə səbəb qısqanclıq olub. Cavid Əbdülməmmədov xanımı ilə birlikdə toydan qayıdarkən Vasif Ağaməmmədovun idarə etdiyi taksiyə minib. Maşında olarkən V.Ağammədov C.Əbdülməmmədovun arxa oturacaqda əyləşən xanımına baxıb. Daha sonra isə telefonda nömrəsini xanıma göstərib. C.Əbdülməmmədov buna görə sürücüyə iradını bildirib və arxaya çox baxmamasını məsləhət görüb. Amma taksi sürücüsü bu xəbərdarlığa ciddi yanaşmayıb. İçkili olan C.Əbdülməmmədov maşından düşərkən sürücüdən harada qaldığını soruşub. Səhər də onunla görüşə gəlib.

C.Əbdülməmmədov orada sürücünü öldürüb və könüllü olaraq polisə təslim olub.

AzNews.az