26 min manatlıq oğurluq etdi

Nizami rayonunda tikilməkdə olan binalardan ümumilikdə, 26 min manat dəyərində elektrik naqilləri oğurlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən AzNews.az-a verilən məlumata görə, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisinda tikintisi davam edən binalardan elektrik naqilləri oğurlayan şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Bölməyə ərizə ilə müraciət edən MTK-lardan birinin rəhbərliyi inşa etdirdikləri binanın 10-cu mərtəbəsində uzunluğu 200 metr olan 917 manat dəyərində naqilin oğurlandığı barədə məlumat verib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Röyal Məmmədov saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin daha bir MTK-dan uzunluğu 6000 metr dəyəri isə 25000 manat olan elektrik naqillərini oğurladığı da sübuta yetirilib. Qeyd edək ki, hadisədən sonra saxlanılan şəxs naqillərin bir hissəsinin yandıraraq əldə olunan mis kütləsini paytaxt ərazisində yerləşən əlvan metal qəbulu məntəqələrindən birinə satıb.

Faktlarla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.