Gədəbəy kartofunun sirri: İldə iki dəfə... – Araşdırma

Azərbaycanda Gədəbəy kartofuna xüsusi münasibət var. Əhali bu zonada yetişən kartofa daha çox üstünlük verir.

Bunun səbəblərindən danışan Kənd Təsərrüfatı Nazirliyi mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Teleqraf.com-a deyib ki, həmin bölgənin torpaq və iqlim şəraiti kartofun yetişməsinə, dadına, keyfiyyətinə müsbət təsir göstərir:

“Ümumilikdə ölkəmizin iqlim şəraiti imkan verir ki, biz ildə 2 dəfə kartofdan məhsul götürək. Xüsusilə Gədəbəydə və digər qərb rayonlarında - Şəmkirdə, Tovuzda kartof əkininə daha çox üstünlük verilir.

Dağlıq zonalarda torpağın və iqlimin kartofçuluğa müsbət təsiri danılmazdır. Orada yetişdirilən kartofun tərkibi təbii nişasta, üzvi maddələrin zənginliyi, qidalılıq baxımından yüksək olması ilə fərqlənir. İnsanlar da bu sortlara üstünlük verir. Əvvəl də, indi də kartofun “Ağçiçək” sortu daha məhsuldar olub və yenə o cürdür. Həmçinin başqa yerlərdən də məhsuldar sortlar gətirilir və Azərbaycanın iqlim şəraitinə uyğunlaşdırılaraq əkilir”.

Bazarda 80 faiz öz kartofumuzdur

Mətbuat xidmətinin rəhbəri bildirib ki, Azərbaycan kartof toxumçuluğunun yenidən qurulması və inkişaf etdirilməsi, eləcə də Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda virussuz kartof toxumunun yetişdirilməsi istiqamətində işlər həyata keçirilir ki, ölkə kartof toxumuna olan tələbatını da yerli istehsal hesabına ödəsin: “Hazırda bazarlarda faraş kartof satılır. Bizdən xaricə ən çox ixrac olunan da faraş kartofdur. Təxminən 50 min tona qədər faraş kartof ixrac edirik.

5-10 il bundan qabaq Azərbaycan bazarlarında daha çox Türkiyə, İran, Qazaxıstan kartofu görürdüksə, indi əhali ilin istənilən vaxtında yerli kartof ala bilər. Bir neçə gündür Gədəbəydən, Tovuzdan zənglər gəlir ki, anbarlarda təzə kartof toplanıb. Onlara təklif etdik ki, öz məhsullarını yarmarka və bazarlara çıxarsınlar.

Ötən il 59 min hektar əraziyə kartof əkilib, 915 minə yaxın kartof istehsal olunub. Bu o deməkdir ki, əhalini 80 faiz yerli istehsalla təmin edə bilirik. Hazırda bazarda kartofun qiymət 80 qəpik-1 manat arasında dəyişir”.

Murtuzəli Hacıyev bildirib ki, il boyu yerli kartofla təmin olunmağımızın səbəbi son zamanlar rayonlarda xüsusi soyuducu kameraların quraşdırılmasıdır: “Artıq ilin istənilən vaxtı təkcə yerli kartof yox, üzüm, alma, armud və digər meyvələri də tapmaq olur. Hamısı soyuducu kameralarda saxlanılır. Əvvəllər biz bazarda yerli armud və ya üzüm görə bilməzdik. Hamısı xarici məhsullar idi. İndi qışın oğlan çağında da bazarda mövsümi olmayan meyvə və tərəvəz tapa bilirik”.

Yeni kartof sortu yaradılır

Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov bildirib ki, hazırda ölkəyə daxil olan məhsul və toxumlar nəzarətdən kənarda qalmır: “Ölkəyə gətirilən bütün toxumluq kartof və digər toxumlar Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətində laboratoriyadan keçirilir, əkilir, yalnız yoxlanandan sonra yayılmasına icazə verilir. Həmçinin fermerlərə həmin toxumların əkilməsi, aqrotexniki qulluq qaydaları ilə bağlı məsləhətlər çatdırılır”.

Şöbə müdiri əlavə edib ki, ölkədə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda kartof toxumçuluğu laboratoriyası yaradılır: “Laboratoriya ilin sonuna kimi istifadəyə veriləcək. Məqsədimiz istixana və açıq-qrunt şəraitində hüceyrə səviyyəsində virussuz kartof toxumları yetişdirməkdir. Alınan keyfiyyətli kartof yumruları rayonlarda yaradılan zona təcrübə fazalarında artırılaraq təsərrüfatçılara veriləcək. Bu da gələcəkdə həm yerli istehsala, həm də ixracata böyük töhfə olacaq. Hazırda layihə üzərində iş gedir.

“Ağçiçək”, “Telman” kimi yerli sortların inkişafı üçün işlər görülür. Özümüzün genefondumuzdan istifadə edərək məhsuldar və standarta uyğun sortların hazırlansın.

Bundan sonra xaricdən toxum alıb gətirməyə ehtiyac qalmayacaq, kartof toxumuna olan tələbatı tam yerli istehsalın hesabına ödəmək mümkün olacaq. Gədəbəy, Tovuz və Şəmkir rayonlarında yetişdirilən kartof əhali arasında daha məşhurdur. Çünki həmin kartoflar keyfiyyəti, dadı və tərkibindəki mikroelementlərə görə digər xarici sortlardan ciddi şəkildə fərqlənir. Həmin sortlar yerli şəraitə uyğunlaşıb, ziyanvericilərə, xəstəliklərə qarşı dözümlüdür”.

Çörəyini torpaqdan qazanan Gədəbəy rayon sakini Abbas dayı deyir ki, dağlıq rayonlarda yetişən kartof daha dadlı və keyfiyyətli olur: “Biz bu toxumu babalarımızdan qoruyub saxlamışıq. Bu toxumu aparıb başqa rayonda əksən eyni nəticəni almaq olmur. Başqa rayonlardakı qohumlarımız bizdən toxum aparıb əkiblər, amma eyni nəticə hasil olmayıb. Məhsuldarlığı zəif, dadında da fərq nəzərə çarpıb. Buranın havası-suyu elə kartof üçündür”.

AzNews.az