Tramp: “Müharibəni biz qazandıq” – İran iddiaları rədd edir

ABŞ, İsrail və İran arasında davam edən müharibə 26-cı gününə çatarkən, tərəflərin qarşılıqlı açıqlamaları gərginliyi daha da artırıb.

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında İranla bağlı diqqətçəkən fikirlər səsləndirib. O bildirib ki, Vaşinqton Tehranla danışıqlar aparır və İran tərəfi razılaşma əldə etmək istəyir. Tramp həmçinin “İranın raketləri tükənib, müharibəni biz qazandıq” deyə vurğulayıb.

Bu açıqlamaya İran tərəfindən sərt reaksiya verilib. İranın “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının sözçüsü İbrahim Zülfüqari Fars agentliyinə açıqlamasında ABŞ-nin mövqeyini tənqid edib.

O bildirib ki, Vaşinqton baş verənləri yanlış təqdim edir və bunu “razılaşma” kimi qələmə verməyə çalışır. “Siz özünüzlə danışıqlar aparacaq səviyyəyə çatmısınız?” – deyə Zülfüqari ABŞ rəhbərliyinə müraciət edib.

İran rəsmisi həmçinin qeyd edib ki, ölkəsi ilə kompromis mümkün deyil. “Bizim kimilər sizin kimilərlə heç vaxt uzlaşmayıb və uzlaşmayacaq”, – deyə o əlavə edib.

Mövsüm,

AzNews.az