- Siyasi müzakirə
- 19:29
- 1 873
"ABŞ qlobal dominantlığına zərbə vurmamaq üçün dirənir" - Həşim Səhrablı
"Açıq desək, İranın irəli sürdüyü bu şərtlərə baxanda ilk təsir belə yaranır ki, bunlar klassik “şərt”dən daha çox, konkret tələblərdir. Çünki İran faktiki olaraq ABŞ-dan kompensasiya istəyir, onun ölkənin daxili işlərinə müdaxilə etməməsini tələb edir və eyni zamanda nüvə proqramı ilə bağlı da açıq mesaj verir ki, bu məsələyə də qarışılmamalıdır. Başqa sözlə, sadalananların hamısı mahiyyət etibarilə tələb xarakteri daşıyır. ABŞ-nin bu tələbləri qəbul etməsi isə o demək olardı ki, Vaşinqton, eləcə də İsrail, baş verən qarşıdurmada və əməliyyatlarda faktiki məğlubiyyətlərini etiraf edirlər. Çünki bu cür şərtlər adətən qalib tərəfin məğlub tərəfə diktə etdiyi razılaşma formatına uyğun gəlir".
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Həşim Səhrablı deyib.
Qeyd edək ki, Möhsün Rzayi açıqlamasında bildirib ki, İran müharibənin dayandırılması üçün sərt şərtlər irəli sürməkdədir. O qeyd edib ki, bu tələblər arasında ölkəyə vurulan zərərin tam şəkildə ödənilməsi, beynəlxalq sanksiyaların ləğvi, ABŞ-nin İranın daxili işlərinə müdaxilə etməyəcəyinə dair konkret zəmanət verməsi və gələcəkdə hərbi əməliyyatların təkrarlanmaması ilə bağlı təminatların təqdim olunması var. Onun fikrincə, bu şərtlər yerinə yetirilmədiyi təqdirdə sülh danışıqlarının uğurla nəticələnməsi real deyil.
Siyasi şərhçi bildirib ki, bu baxımdan ABŞ-nin həmin tələbləri tam şəkildə qəbul etməsi real görünmür.
"Bununla belə, müəyyən məqamlarda Vaşinqtonun qismən güzəştlərə getməsi istisna deyil. Nəzərə almaq lazımdır ki, ABŞ da öz strateji planlarına tam şəkildə nail ola bilməyib və mövcud proses bu istiqamətdə davam edərsə, istədiyi nəticəni əldə edəcəyi də sual altındadır. Bu səbəbdən, Vaşinqton üçün ən optimal ssenarilərdən biri müəyyən məsələlər üzrə İranla razılığa gəlib gərginliyi azaltmaq və qarşıdurmanı sonlandırmaq ola bilər. Belə bir vəziyyətdə ABŞ bəzi şərtləri qəbul edə bilər, lakin onların bütövlükdə qəbulundan söhbət gedə bilməz. Çünki bu, ABŞ-nin məğlubiyyətini rəsmən tanıması anlamına gələr və bu da həm qısa, həm də uzunmüddətli perspektivdə onun qlobal dominant mövqeyinə ciddi zərbə vurardı. Digər tərəfdən, İranın bu cür maksimalist tələblərlə çıxış etməsi danışıqlar üçün çıxış yolu açmaqdan çox, onu çətinləşdirə də bilər. Lakin ehtimal etmək olar ki, Tehran bu strategiyanı məqsədli şəkildə seçir: daha geniş tələblər irəli sürməklə, onların heç olmasa bir hissəsini qəbul etdirməyə çalışır. Yəni bu yanaşma qarşı tərəfə verilən bir mesaj kimi də qiymətləndirilə bilər: ya kompromisə gedib müəyyən şərtlər üzərində razılaşırıq, ya da qarşıdurma uzandıqca tələblər daha da sərtləşəcək".
Rəfiqə Namazəliyeva,
AzNews.az