Nərimanovda Novruz şənliyi keçirilib - Fotolar

Bu gün ölkəmizin hər bir guşəsində olduğu kimi Nərimanov rayonunda da Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə metronun Nəriman Nərimanov stansiyasının çıxışında yerləşən parkda xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə təntənəli bayram tədbiri keçirilib.

İH-dən AzNews.az-a daxil olan xəbərə görə, Novruzun gəlişini tərənnüm edən al-əlvan plakatlarla bəzədilmiş parkda keçirilən bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif şirniyyat nümunələri süfrələri bəzəyib.

Tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan muğam və rəqslərdən ibarət rəngarəng konsert proqramı bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

Novruz bayramının əsas personajları olan Bahar qızı, Kosa və Keçəl öz maraqlı çıxışları ilə şənliyə xüsusi zövq qatıblar.

Rayonun ümumtəhsil müəssisələrinin müəllim-şagird kollektivlərinin nümayiş etdirdiyi Novruz atributlarından ibarət sərgi izləyicilərdə dərin təəssüratlar yaradıb.

İdmançılar müxtəlif idman növləri üzrə çevik hərəkətlərlə öz məharətlərini nümayiş etdiriblər.

Alovlandırılan möhtəşəm Novruz tonqalının hərarəti onun ətrafına yığışan insanlar tərəfindən böyük coşğu ilə qarşılanıb.

Rayon İcra Hakimiyyəti rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, ağsaqqallar, ziyalılar, gənclər və rayon ictimaiyyətinin nümayəndələri bayram tədbirində iştirak ediblər.

AzNews.az