“EL” hərəkatı sabah elan olunacaq

Martın 12-si saat 16-da "EL" hərəkatı elan olunacaq. Bu haqda xəbəri "Yeni Müsavat"a "EL" hərəkatının İdarə Heyəti üzvlərindən Zəfər Quliyev verib.

"EL"in ofisində keçiriləcək təqdimat mərasimində ölkə ictimaiyyətinin geniş tərkibdə iştirakı gözlənilir. Zəfər Quliyevin sözlərinə görə, mərasimə ölkədə fəaliyyət göstərən siyasi partiyaların, ictimai hərəkatların nümayəndələri, o sıradan Ziyalılar Forumunun üzvləri, ictimai xadimlər, insan haqları müdafiəçiləri, QHT sektorunun təmsilçiləri ilə yanaşı Azərbaycandakı diplomatik korpusun təmsilçiləri də dəvət olunub. Xəbərdə o da bildirilir ki, təqdimat mərasimində "EL" hərəkatının rəhbəri politoloq Eldar Namazov qurumun yaxın gələcək üçün məram və məqsədləri haqqında iştirakçılara geniş bilgi verəcək.

Yada salaq ki, "EL" hərəkatının ideya müəllifi dilçi alim Firudin Cəlilov olsa da, ideyanın gerçəkləşməsi Ziyalılar Forumunun təsisçisi, dünyaca ünlü kinematoqraf Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. Belə bir hərəkatın yaradılacağı haqqında ötən ilin payızından xəbərlər yayılmağa başlasa da Ziyalılar Forumunun rəhbəri "EL"in anonsunu ötən ilin dekabrında verdi. R.İbrahimbəyov hərəkat haqqında ilk şifrəli açıqlamasında bildirirdi ki, məqsəd Azərbaycanda demokratik dəyişikliklər istəyən bütün təbəqələri eyni çətir altında birləşdirmək, bununla da Azərbaycanda hər seçki dönəmində ciddi ehtiyac duyulan demokratik qüvvələrin vahid koordinasiya sistemini qurmaqdır.

Rüstəm İbrahimbəyovun açıqlamasının şifrəli adlandırılmasına gəlincə, bu onun hərəkatın adını və rəhbərini açıqlamaması ilə bağlıdır. Bir müddət həm "EL" sözü, həm də hərəkatın rəhbərinin məhz Eldar Namazov olacağı haqda heç bir açıqlama verilmədi. Yalnız 2013-cü ilin başlanğıcında bu haqda rəsmi məlumat səsləndirildi.

"EL" ilə bağlı daha bir nüans Rüstəm İbrahimbəyovun faktiki rəhbərlik etdiyi Ziyalılar Forumu üzvlərinin tam heyətdə hərəkatda təmsil olunmamalarıdır. ZF İdarə Heyətinin bəzi üzvləri bu haqda açıqlamalarında yeni quruma uğurlar arzulamaqla yetinərək hərəkatda təmsil olunmayacaqlarını bildiriblər. Məsələn, ünlü alim, professor Rafiq Əliyev "EL" haqqında suala "mən və dostlarım orada yoxuq" cavabını vermişdi. Həm Ziyalılar Forumunun, həm də "EL" hərəkatının idarə heyətlərində təmsil olunan Zəfər Quliyev "Yeni Müsavat"a son müsahibələrindən birində bu faktı sözügedən qurumlar arasında konflikt kimi qələmə verilməsinin yanlış olduğunu demişdi. Z.Quliyevin sözlərinə görə, bunun çox sadə səbəbləri var - Ziyalılar Forumu daha çox gündəmi məşğul edən problemlərlə bağlı ictimai diskussiyalar aparılan təşkilatdır, qurum üzvlərinin heç bir siyasi iddiaları yoxdur, məqsəd ölkədə ictimai fikri doğru istiqamətə yönəltmək, baş verən ictimai məna daşıyan proseslərin əsl mahiyyətini açmaqdır, "EL" isə faktiki olaraq siyasi partiya kimi qarşısına konkret hədəflər qoyub. Buna görə də ZF üzvlərinin "EL" də təmsil olunmaması təbiidir. Politoloqun fikrincə, siyasi hədəf və bunun üçün mücadilə könüllülük prinsipi ilə baş verdiyi üçün ictimai xadimlərdən belə bir məcburiyyət tələb etmək doğru deyil.

AzNews.az