“Mirşahin əvvəldən bilirdi ki, Əvəz Zeynallı həbs olunacaq” “Mirşahin əvvəldən bilirdi ki, Əvəz Zeynallı həbs olunacaq”

Əvəz Zeynallının xanımı: “Müstəntiq nə yazmışdısa, hakim onu oxudu”

“Mirşahin əvvəldən bilirdi ki, Əvəz Zeynallı həbs olunacaq”


Məlum olduğu kimi, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya 9 il hökm oxunub. Proses başlanmazdan əvvəl məhkəmə zalında Əvəz Zeynallı ilə ANS telekanalının müxbiri arasında mübahisə yaranıb.

O, ANS əməkdaşının zaldan çıxarılmasını tələb edib: "İndiyə kimi hardaydınız? Ermənistan kanalının gəlib burda çəkiliş aparmasına razıyam, ANS-in yox. Vahid Mustafayev başda olmaqla, ANS-in şərəfli qələm əhlinin hamısı satılıb. Azadlığa çıxan kimi gedib Mirşahini döyəcəyəm".

Əvəz Zeynallının həyat yoldaşı Məlahət Zeynallı AzNews.az-a açıqlamasında bildirdi ki, Mirşahinlə İlqar Mikayıloğlu Gülər Əhmədovanın maxinasiyalarında itirak edib: "11 aydır ki, Əvəz bəyin məhkəmə prosesi davam edir. Bu müddət ərzində nə qiyabi, nə də əyani şəkildə ANS telekanalı bu məsələyə müdaxilə etməyib. Gülər Əhmədovanın qardaşı İlqar Mikayıloğlu ANS-də işləyir. Mirşahin əvvəldən bilirdi ki, Əvəz Zeynallı həbs olunacaq. Özü də Gülər Əhmədovanın əli ilə. Ona görə də Əvəz bəy dedi ki, belə bir kanal müstəqil mətbuatın adından danışa bilməz. Əvəz bəy məhkəmə prosesində bütün kanallara, hətta AzTV, İctimai Televiziyanın da iştirakını müsbət saydı, amma ANS-in yox. Çünki ANS müstəqil mətbuatın adından isitifadə edir".

M.Zeynallı məhkəmənin hökmünü siyasi sifariş, prosesi isə oyun adlandırdı: "Biz bunu gözləyirdik. Azərbaycan mətbuaında görünməmiş bir hadisə oldu, bir jurnalistə 9 il iş kəsildi. Həm də həbsdən çıxandan sonra bir il müddətinə qəzet çıxarmaq qadağası qoyuldu. Bu siyasi məsələdir. Əlavə maddələrin, ittihamların qoyulması hamısı boş şeylərdir. Bu gün məhkəmənin çıxardığı qərar da onu sübut elədi. Bir şeyi hələ də anlaya bilmirəm ki, jurnalistə peşəsi ilə məşğul olmaq qadağası necə qoyula bilər. Müstəntiq nə yazmışdısa hakim onu oxudu. Ona bu 11 ayda davam edən məhkəmə nə üçün idi? Mənasız yerə şahidlər dindirildi. Biz məhkəməyə dəlillər təqdim etdik. Axırda məhkəmə qayıtdı ki, biz onu dəlil kimi qəbul edə bilmərik. Amma Gülər Əhmədovanın lent yazısını dəlil kimi qəbul edirlər. Bunların hamısı siyasi məsələdir".

Bahar Rüstəmli
AzNews.az